SİYASƏT


Professor Fırat Purtaş: Bu gün imzalanan Şuşa Bəyannaməsi Böyük Zəfərin davamıdır

Ankara, 15 iyun, AZƏRTAC

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması Böyük Zəfərin davamıdır. Bu Bəyannamə münasibətilə Azərbaycan və Türkiyə başda olmaqla, bütün türk xalqlarını, türk dünyasını, bölgədə sülh və sabitlik tərəfdarı olan hər bir tərəfi təbrik edirəm. Şuşa Bəyannaməsi ümumilikdə sülh, sabitlik, inkişaf və tərəqqi deməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin sabiq müavini, türkiyəli professor Fırat Purtaş ifadə edib.

İki qardaş ölkə arasında müttəfiqlik barədə dövlət sənədinin məhz Şuşada imzalanmasını tarixi, siyasi və mədəni baxımdan ortaq sərvət kimi dəyərləndirən professor Fırat Purtaş deyib: “Azərbaycanın və Türkiyənin ortaq gücü regionda hamının maraqlarını təmin edən yeni şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aşkar şəkildə bəyan etdilər ki, bölgədə bərpaolunan nəqliyyat və kommunikasiya xətləri bütün tərəflər üçün açıqdır. Yetər ki, qarşılıqlı etimad və səmərəli əməkdaşlıq səyləri olsun”.

Professor Fırat Purtaş vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə bütün dünyaya vətən sevgisi və torpaq məhəbbətinin tərənnümü mesajı olub. Artıq işğal geridə qalıb. İndi qurub-yaratmaq dövrüdür. Azərbaycan və Türkiyə bu missiyanı da çiyin-çiyinə yerinə yetirəcəklər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.