CƏMİYYƏT


Professor Fuad İsmayılov: Hazırda müxtəlif müəssisələr tərəfindən həftədə təxminən 500 qaziyə yardım göstərilir

Bakı, 20 aprel, AZƏRTAC

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov onlayn müsahibəsində qazilər və şəhid ailələrinə xidmət göstərən Psixoloji mərkəzlərin fəaliyyəti haqqında məlumat verib.

AZƏRTAC müsahibəni təqdim edir.

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədilə səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə Komissiya yaradılıb. Hərbçilərə və şəhid ailələrinə psixoloji yardım göstərəcək mərkəzlərin yaradılması barəsində göstərişlər verilib. Mərkəzlər hansı ərazi üzrə fəaliyyət göstərir?

- Hazırda Bakı şəhərində və bölgələrdə bütün mərkəzlər fəaliyyətə başlayıb. Bu vacib, genişmiqyaslı iş Nazirlər Kabinetinin qərarından sonra iki ay müddətində öz həllini tapdı. Bildiyiniz kimi, bu qərarın həyata keçirilməsinə rəhbərlik Səhiyyə Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən Psixi Sağlamlıq Mərkəzinin başçılığı ilə koordinasiya qrupu yaradıldı. Mütəxəssis seçimi, müəssisə seçimi, təlimlərin təşkili, elektron baza məlumatların işlənməsi, digər dövlət qurumları ilə əməkdaşlığın koordinasiyası və hesabat sistemi kimi mühüm addımlardan ibarət fəaliyyət planı hazırlanıb. Bu müddət ərzində FHN, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, ƏƏSMN və digər dövlət strukturlarının nümayəndələri ilə çox saylı görüşlər keçirilib. Görülən işlərin nəticəsində martın 15-dən psixoloji yardım mərkəzləri qazi və şəhid ailələrinə xidmət göstərməyə başlayıb.

Psixoloji yardım mərkəzləri Ağdam, Şəki, Şirvan, Lənkəran və Quba şəhərlərində mərkəzi xəstəxanaların ambulator şöbəsində yaradılıb. Həmin mərkəzlər Gəncə şəhərində 6 saylı, Sumqayıt şəhərində 3 saylı poliklinikada yerləşir. Bakı şəhəri üzrə psixoloji yardım mərkəzləri ATU-nin Tədris Terapevtik Klinikasının nəzdində, Xətai rayonu 7 saylı poliklinika, Yasamal rayonu 16 saylı poliklinika və Qaradağ rayonu 19 saylı BŞX- da fəaliyyət göstərir. Bununla yanaşı Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri aktiv şəkildə psixoloji yardım göstərməkdə iştirak edirlər. Bütün mərkəzlərin iş prinsipi ərazi üzrə işlənmişdir, yəni hər mərkəz yaxın rayonlarda yaşayan qazilərə yardım göstərir.

- Müraciət forması hansı şəkildə aparılır?

- İstənilən müraciət edən qazi və şəhid ailəsi üzvünə yardım göstərilir. Həmçinin onlar digər dövlət qurumları tərəfindən də yönləndirilə bilər. Məsələn, onlar FHN-nin 112 qaynar xətt xidməti tərəfindən yönləndirilə bilər. Eyni zamanda, yönləndirməni ərazi poliklinikası, sosial xidmətlər və digər qurumlar yerinə yetirir.

- Neçə qazimiz hazırda bu mərkəzlərdə müalicə alır?

- Hazırda müxtəlif müəssisələr tərəfindən həftədə təxminən 500 qaziyə yardım göstərilir. Bunların 2/3 hissəsi ilkin, 1/3 hissəsi təkrar müraciətlər təşkil edir. Müasir prinsiplərə əsasən psixoloji yardım 3 növdə göstərilir - təcili və ya ilkin psixoloji yardım FHN mütəxəssisləri tərəfindən, orta müddətli yardım, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən və uzun müddətli yardım (psixososial reabilitasiya) Əmək və Əhali Sosial Müdafiə Nazirliyinin müəssisələrində göstərilir.

-Sonda gələcək planlar barədə məlumat vermənizi xahiş edirik.

- Fikrimcə, aktiv psixoloji yardım və pasiyentlərin sağalma prosesi nəticəsində bu yardıma tələbat azalacaq. Psixoloji yardıma ehtiyacı olan qazilərin sayı da azalacaq. Eyni zamanda, qazilərin bir hissəsinin uzun müddətli psixoloji dəstəyə ehtiyacı qalacaq. Cəmiyyətdə həmişə psixoloji çətinliklərlə üzləşən çox insan var. Perspektiv olaraq bu mərkəzlər həmin şəxslərə aktiv şəkildə yardım göstərə bilərlər. Fikrimcə, tək böyük şəhərlərdə deyil, ölkənin hər rayonunda psixoloji yardım mərkəzləri yaradılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.