ELM VƏ TƏHSİL
Professor Gövhər Baxşəliyeva: ərəb ölkələri ilə əlaqələrin möhkəmlənməsində şərqşünasların mühüm rolu var
Bakı, 8 dekabr, AZƏRTAC
Ərəb liqası ölkələri nəzdindəki Əlyazmalar İnstitutunun direktoru doktor Feysəl əl-Hafyan dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən danışıb, bu münasibətlərin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu vurğulayıb.
Feysəl əl-Hafyan 1946-cı ildə yaradılmış Ərəb liqası ölkələri nəzdindəki Əlyazmalar İnstitutunun tarixindən danışıb, institutda 300 minədək əlyazmanın və əlyazma surətlərinin saxlanıldığını bildirib, onlar barədə məlumat verib.
Görüşdə institutlar arasında əməkdaşlığın perspektivlərindən, qarşılıqlı kitab mübadiləsindən söz açılıb.
Sonra Feysəl əl-Hafyan Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşüb. Qonaq rəhbərlik etdiyi institutun fəaliyyəti, orada qorunan əlyazmalar barədə məlumat verib.