ELM VƏ TƏHSİL


Professor Gülçöhrə Məmmədova: bütün ali məktəblər beynəlxalq təhsil sərgisindən faydalanmağa çalışır

Bakı, 11 oktyabr, AZƏRTAC 

Azərbaycanda ənənəyə çevrilən beynəlxalq təhsil sərgisi ölkədə bu sahənin il ərzində inkişafının göstəricisidir və bütün ali məktəblər bu platformadan faydalanmağa, daha çox istifadə etməyə çalışır. Burada hər universitet öz nailiyyətlərini, il ərzində qazandığı uğurları təqdim etmək imkanı qazanır. Eyni zamanda, universitetlər məktəbli kütləsi, gələcəyin abituriyentləri qarşısında ixtisaslarını təbliğ etmək, onlar barədə daha ətraflı məlumat vermək, profilə uyğun vəsait və ədəbiyyatları gənclərə çatdırmaq imkanı əldə edirlər. Bu platforma, həmçinin universitetlərarası əlaqələrin qurulmasında və yeniliklərin öyrənilməsində böyük əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a müsahibəsində XII Azərbaycan beynəlxalq təhsil sərgisinin açılışında iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova söyləyib.

O deyib: “Builki sərgidə biz universitetin il ərzində qazandığı nailiyyətləri, tələbələrimizin beynəlxalq müsabiqələrdə qazandıqları mükafatları və onların layihələrini nümayiş etdirməyə çalışmışıq. Stendimizdə, həmçinin universitetimizdəki yeniliklər, müəllimlərimizin müəllifi olduqları dərs vəsaitləri və monoqrafiyalar, yeni laboratoriyalarımız barədə ətraflı məlumatlar verilir”.

Hazırda Azərbaycan təhsilinin yüksək templə inkişaf etdiyini deyən Gülçöhrə Məmmədova bu sahədə yeniliklərin sayının getdikcə artdığını bildirib. Rektor qeyd edib ki, sərgidə ali məktəblərin stendi ilə tanış olarkən müxtəlif yeniliklərlə rastlaşırsan və bunların hamısı çox maraqlıdır. Tədbirin beynəlxalq səviyyəsinin ilbəil yüksəlməsi ölkənin təhsil sisteminin inkişafını əks etdirən prosesdir. Bu, eyni zamanda, Azərbaycan təhsilinə beynəlxalq səviyyədə diqqətin artmasının bir təcəssümüdür. Çünki ildən-ilə sərginin əhatə dairəsi genişlənir ki, bu da çox gözəl nəticədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.