MƏDƏNİYYƏT


Professor Həmid Vəliyevin 80 illik yubileyi və “Ömür dedikləri” kitabının təqdimatı olub

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində professor Həmid Vəliyevin 80 illik yubileyi və "Ömür dedikləri " kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ahıl Jurnalistlər Birliyinin sədri Məzahir Süleymanzadə yubilyarın ömür yolundan, yaradıcılığından, elmi axtarışlarından söz açıb. Ona Ahıl Jurnalistlər Birliyi adından diplom təqdim edib.

Bildirilib ki, Borçalı mahalının Sadaxlı kəndində anadan olan Həmid Vəliyev ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın, 400-ə yaxın elmi və elmi-publisistik məqalənin, “Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində” monoqrafiyasının, “Dünya informasiya agentlikləri”, “Beynəlxalq jurnalist təşkilatları” adlı dərs vəsaitlərinin, “Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyinin, “Mark Tven jurnalist kimi” kitabının müəllifidir. Elmi əsərləri Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər yerlərdə çap olunub.

Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin "Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə edib və kitab 1993–cü ildə kütləvi tirajla çap olunub.

Qeyd edilib ki, Həmid Vəliyev jurnalist kimi də müxtəlif mətbuat orqanlarında çalışıb. O, həm Azərbaycan, həm də Gürcüstan mətbuatında öz imzası ilə tanınan qələm sahiblərindəndir. Elə bu səbəbdən də, H. Vəliyev hər iki ölkənin mətbuatının inkişafında xüsusi xidmətlərinə görə bir çox mükafatlara layiq görülüb.

Diqqətə çatdırılıb ki, o, 1992-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbərliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilib, 3 nəfər doktorantın elmi rəhbəri olub.

Tədbirdə digər çıxış edənlər də Həmid Vəliyevin mənalı ömür yolundan, gənc jurnalistlər nəslinin yetişməsi istiqamətindəki əvəzsiz xidmətlərindən və “Ömür dedikləri” kitabından söz açıblar. Kitabın yubilyarın öz həyatından bəhs etdiyi bildirilib. Çıxış edənlər Həmid Vəliyevi təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda çıxış edən Həmid Vəliyev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.