SİYASƏT


Professor İbrahim Cəfərov: Gəncəlilər müstəqil dövlətimizin, dövlətçiliyimizin və Prezidentimizin daim yanında olub və olacaqlar

Gəncə, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov iyulun 10-da Gəncədə törədilən cinayətlə bağlı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində aşağıdakıları deyib:

-Bu hadisələrə doğru qiymət vermək üçün yaxın tarixə ekskurs etmək lazımdır. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinin qeyd olunması, bununla bağlı olaraq iyunun 26-da hərbi paradın keçirilməsi və ən müasir silahların həmin paradda nümayiş etdirilməsi, bir sözlə, dövlətimizin hərbi qüdrətinin nümayişi, görünür ki, xaricdə və daxildə olan pozucu qüvvələr tərəfindən narahatlıqla qarşılanıb. Təsadüfi deyil ki, həmin qüvvələr respublikamızda, eləcə də onun ikinci böyük şəhəri olan Gəncədə sabitliyi pozmaq, iğtişaş yaratmaq üçün fəaliyyətə keçiblər.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının silahlı sui-qəsdə, terrora məruz qalması, ayın 10-da isə bir qrup radikal ünsürün şəhərin mərkəzində qarşıdurma yaratmağa cəhd etməsi, ümumilikdə ölkədə xaos, anarxiya yaratmaq istəyən qüvvələrin məqsədinə xidmət edir.

Bu insanların əvvəlcədən sosial şəbəkələr vasitəsilə şəhərin mərkəzinə toplaşmaq üçün çağırışlar etməsi, daha sonra bir fit səsi ilə hamısının meydanın mərkəzinə toplaşaraq bizim danışığımızdakı ləhcə və şivəmizə uyğun olmayan tərzdə dini şüarlar səsləndirməsi bu cür düşünməyə əsas verir ki, həmin insanlar radikal, dini təmayüllü pozucu qüvvələrdir. Onlar dünyanın hansısa mərkəzləri tərəfindən idarə olunur və istiqamətləndirilir. Onların əsas məqsədi ölkədə vətəndaş qarşıdurması yaratmaq, dincliyimizi və əmin-amanlığımızı pozmağa yönəlib.

Əlbəttə, cəmi 15-20 dəqiqə ərzində Azərbaycan polisinin qətiyyəti ilə dövlətimizin gücü həmin başıpozuq qüvvələrə nümayiş etdirildi. Sevindirici hal odur ki, Gəncə şəhərinin sakinləri onların təxribat xarakterli dini şüarlarına və çağırışlarına heç bir dəstək vermədilər.

İndi bütün gəncəlilərin əsas istəyi həmin qüvvələrin tez bir zamanda aşkarlanması, zərərsizləşdirilməsi və qanunla cinayət məsuliyyətinə cəlb edilməsidir. Gəncəlilər müstəqil dövlətimizin, dövlətçiliyimizin və Prezidentimizin daim yanında olub və olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.