ELM VƏ TƏHSİL
Professor İlham Tahirov elmi kadrların yetişməsində böyük xidmət göstərib


Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İlham Tahirovun 60 illik yubileyi qeyd edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə müəssisənin baş direktoru professor Nadir Məmmədli İlham Tahirovun mənalı ömür yolundan, geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Bildirib ki, İlham Tahirov çoxcəhətli elmi-təşkilati fəaliyyətə malik olan müasirimizdir. Alimin “Dialekt leksikasında alınma sözlər”, “Azərbaycan və ingilis dillərində zaman kateqoriyası, “Temporal leksika”, “Azərbaycan dilçiliyi müntəxəbatı” (II cild, həmmüəllif), “Qədim dillər üzrə biblioqrafiya” (kollektiv), “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” adlı monoqrafiya və kitabları elmi ictimaiyyətə yaxşı məlumdur.
Professorlar Məsud Mahmudov, İsmayıl Məmmədli, Sayalı Sadıqova və Mayıl Əsgərov, icraçı direktor dosent Baba Məhərrəmli, elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva, dosentlər Təranə Şükürlü, Qətibə Mahmudova, Rasim Heydərov və başqaları çıxış edərək İlham Tahirovun yüksək intellektə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğunu vurğulayıb, onun dilçilik elminin inkişafına dəyərli töhfələr verdiyini bildiriblər.
Bildirilib ki, ölkədə elmi kadrların yetişdirilməsində də alimin xidmətləri böyükdür. Dil nəzəriyyəsi, german dilləri, müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisasları üzrə 12 fəlsəfə doktoru və elmlər doktoru dissertasiya işini professor İlham Tahirovun elmi rəhbərliyi və məsləhətçiliyi ilə müdafiə edib.
Tədbirdə professor İlham Tahirov 60 illik yubileyi və elm sahəsindəki xidmətlərinə görə Dilçilik İnstitutunun fəxri fərmanı ilə təltif olunub.