CƏMİYYƏT
Professor İlqar Qasımov: Son illər oynaqların endoprotezləşdirilməsi üzrə 300-dən çox cərrahi əməliyyat aparılıb
Bakı, 20 aprel, AZƏRTAC
Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqresinin keçirilməsi mühüm hadisədir. İkigünlük konqresin işində türkdilli ölkələrdən 80-dən çox tanınmış ortoped və travmatoloq iştirak edir.
Bunu AZƏRTAC-a müsahibəsində Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqresinin sədri, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor İlqar Qasımov deyib.
Onun sözlərinə görə, Azərbaycanda bəzi rayonlar, xüsusilə cənub bölgəsində bud-çanaq oynağının endemik xəstəlikləri yayılıb. “Bud-çanaq oynağı nahiyəsinin patologiyası kifayət qədər ciddidir və heç bir halda onu başına buraxmaq olmaz: gecikmiş diaqnostika müalicənin məqsədyönlü olmamasına səbəb olur ki, bu da xroniki ağrılara və oynağın funksiyalarının əlillik dərəcəsinədək itirilməsinə gətirib çıxara bilər. Terapiyaya vaxtında başlandığı təqdirdə oynağın məhv olmasının qarşısını almaq, xəstəliyin simptomlarını aradan qaldırmaq, yaxud azaltmaq mümkündür. Ona görə də profilaktikaya uşaqlıq illərindən başlanılmalıdır. Vaxtında aparılmış profilaktika xəstəliyin irəliləməsinin qarşısını ala və sümük sağlamlığını uzun müddət qoruya bilər. Tövsiyələrə riayət edərək müalicənin erkən başlanması simptomların böyük bir hissəsini aradan qaldırır. Gec mərhələdə isə hərəkət qabiliyyətinin bərpası yalnız bud-çanaq oynağının endoprotezləşdirilməsi əməliyyatı ilə mümkündür”, - deyə İ.Qasımov əlavə edib.
Professor İlqar Qasımov bildirib ki, rəhbərlik etdiyi institutda son illər müasir texnologiyalardan geniş istifadə olunur. Burada ətraflardakı sınıqlar zamanı bloklayıcı ştiftlər, plastinlər, diz nahiyəsindəki oynaqlara müxtəlif növ bandajlar, boruşəkilli bilək sümüklərinin postrezeksion çatışmazlıqları zamanı biokompozit materiallar qoyulur və s.
Sonda İlqar Qasımov vurğulayıb: “Son illər dövlətin və Səhiyyə Nazirliyinin dəstəyi ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda iri oynaqların (diz qapağı, bud-çanaq, çiyin, dirsək) endoprotezləşdirilməsi üzrə 300-dən çox cərrahi əməliyyat aparılıb. Bu əməliyyatlar nəticəsində bud-çanaq və diz qapağı oynaqları problemləri olan xəstələr sərbəst hərəkət edə biliblər”.