ELM VƏ TƏHSİL


Professor İsaxan Vəliyev: Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası milli məsələyə çevrilir

Professor İsaxan Vəliyev: Qərbi azərbaycanlıların pozulmuş hüquqlarının bərpası milli məsələyə çevrilir

Bakı, 4 fevral, AZƏRTAC

Postmüharibə dövründə Azərbaycan diplomatiyasının qarşısında duran əsas vəzifələrdən biri də radikal erməni millətçilərinin qonşu dövlətlərin ərazisinə yiyələnmək məqsədilə törətdikləri terror, soyqırımı və deportasiya cinayətlərinin təkzibedilməz faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu kontekstdə ermənilərin tarixi Azərbaycan ərazilərində özlərinə dövlət yaratmaları, soydaşlarımızın zor gücünə tarixi torpaqlarından deportasiyası ilə bağlı faktları xüsusilə vurğulamaq lazımdır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri professor İsaxan Vəliyev bildirib. Professor qeyd edib ki, son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və milli faciəyə məruz qalıb. Nəticədə azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınıb, kütləvi qırğınlara məruz qalıb. Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası zamanla kütləvi xarakter alaraq ötən əsrdə özünün pik nöqtəsinə çatıb: etnik təmizləmə prosesi 1905-ci, 1918-1820-ci, 1930-cu, 1948-1956-cı, 1987-1988-ci illəri əhatə edib.

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Zəfəri, məcburi köçkünlər mövzusunun arxaikləşməsi fonunda Ermənistandan vaxtilə deportasiya edilmiş azərbaycanlıların hüquqlarının bərpası mövzusunun aktuallaşması obyektiv reallıqlarla şərtlənir. Bu, ilk növbədə, Ermənistanın postmünaqişə dövründə səsləndirdiyi iddiaların əsassızlığının dünya ictimaiyyətinə çatdırılması, təcavüzkara qarşı siyasi-hüquqi müstəvidə yeni cəbhə açılması baxımından zəruridir.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasını təmsil edən bir qrup ziyalı ilə görüşü zamanı məlum həqiqətlərin dünyaya çatdırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir... Biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Faktlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi səhvlərindən bəhrələnən ermənilər o zaman azərbaycanlıların doğma şəhəri olan İrəvanı və digər bir sıra ərazilərimizi ələ keçirərək özlərinə dövlət yaradıblar. AXC-nin süqutundan sonra bədnam qonşularımız adət etdikləri çirkin metodlarla azərbaycanlıları yaşadıqları ərazilərdən çıxararaq, “ərazilərini” bir qədər də böyüdüb, Zəngəzuru Ermənistan SSR-in ərazisi elan ediblər. 1923-cü ildə isə SSRİ rəhbərliyinin qondarma qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ “muxtar vilayət” elan olunub.

Ermənilər İkinci Dünya müharibəsindən sonra Azərbaycana qarşı ərazi iddialarını daha da genişləndirdilər. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasını rəsmiləşdirdi. Eyni zamanda, Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin tarixi adları zaman-zaman dəyişdirildi.

Ötən əsrin 80-ci illərində Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra erməni millətçiləri təxribat maşınını yenidən işə saldılar. Onlar tərəfindən 1988-ci ildən etibarən “Türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirildi. Ermənistanın 200-ə yaxın yaşayış məntəqəsi boşaldıldı, 250 mindən çox azərbaycanlı ev-eşiyindən didərgin salındı.

Tarixi prizmadan yanaşdıqda, aşkar görünür ki, 20 Yanvar faciəsinə aparan proseslər də, əslində, 1988-ci ildə xalqımızın milli azadlıq hərəkatından başlandı. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü. Ölkəmizin vətəndaşları Mərkəzin respublikamıza qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını istəyirdilər. Sovet rejiminin 20 Yanvarda həyata keçirdiyi qanlı terror xalqın qəlbində olan narazılığı, müstəqillik ideallarını qətiyyən boğa bilmədi.

Xüsusi vurğulamaq lazımdır ki, yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin törətdikləri soyqırımı və deportasiya cinayətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bunlara düzgün siyasi və hüquqi qiymət verilməsi istiqamətində ardıcıl, məqsədyönlü və qətiyyətli işlər aparıldı. Ulu Öndər Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanına əsasən deportasiyanın hərtərəfli tədqiqi, xalqımıza qarşı dövlət səviyyəsində həyata keçirilmiş tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradıldı.

Ulu Öndərin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” 2001-ci il 22 avqust tarixli Fərmanı Qərbi Azərbaycandan olan soydaşlarımızın mənzil-məişət və digər problemlərinin həlli baxımından mühüm addımlardan biri idi.

Nəyin nə zaman edilməli olduğunu düzgün müəyyənləşdirən Prezident İlham Əliyev hazırda Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində fəaliyyətin genişləndirilməsini və xüsusi konsepsiya əsasında aparılmasını vacib sayır. Dövlətimizin başçısının Qərbi Azərbaycan İcmasını təmsil edən ziyalılarla görüşündə bunun üçün müəyyən etdiyi əsas istiqamətlərdən biri beynəlxalq müstəvidə fəaliyyətin gücləndirilməsidir: “İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var və bu il biz Şuşada tarixi Azərbaycan diaspor təşkilatlarının qurultayını keçirdik. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni, biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur”.

Bütün bunların fonunda əminliklə deyə bilərik ki, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışının təmini məsələsi keyfiyyətcə yeni mərhələdə Azərbaycan milli ideyasının başlıca qayəsinə çevrilib.

“Qeyd edilən məqsədlərə yetişmək üçün isə gərgin iş aparılmalı, beynəlxalq hüququn tələblərindən irəli gələn əməli fəaliyyət həyata keçirilməlidir. Qərbi Azərbaycan İcmasının qarşısında hazırda ermənilərin və onların havadarlarının soydaşlarımıza qarşı həyata keçirdikləri deportasiya, soyqırımı, etnik təmizləmə, tarixi-mədəni irsimizin məhv edilməsi siyasətinin ifşası, habelə Qərbi azərbaycanlıların problemlərinin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm vəzifələr dayanır.

Bu günlərdə BMT katibliyinin Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini Təhlükəsizlik Şurasının, Baş Assambleyanın, İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yayması da mühüm təbliğati-siyasi mahiyyət kəsb edir. Müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, Çin, ərəb və ispan) olmaqla, adları çəkilən strukturların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviqi, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Bu isə azərbaycanlıların öz doğma yurdlarına qayıtmasının insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması baxımından zəruriliyi barədə beynəlxalq ictimaiyyətə verilən mühüm mesajdır” - deyə İ.Vəliyev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.