ELM VƏ TƏHSİL
Professor Məhəbbət Məmmədov: Azərbaycan xalqı ordusuna güvənir
Bakı, 15 oktyabr, AZƏRTAC
Rəşadətli Azərbaycan Ordusu şanlı tarix yazmaqdadır. Cəsur ürəkli Azərbaycan əsgərlərinin bu gün hərb meydanında göstərdiyi şücaət bizi qürurlandırır. Onların qələbədən-qələbəyə inamla atdığı addımları görüb ürəyimiz fəxarət hissi ilə dolur. Ordumuz dünyanın ən güclü, yüksək hazırlıqlı orduları sırasında olduğunu dünyaya nümayiş etdirir. Hər gün səngərlərdən gələn xoş xəbərlərlə xalqımıza sevinc hissi yaşadır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov söyləyib.
Professor deyib: “Ordumuzun bizə yaşatmış olduğu qələbə sevinclərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti adından Prezidentə, qəhrəman əsgərlərimizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının illərdir səbirsizliklə gözlədiyi zəfər salnaməsinə çevriləcək tarix yazacaq. Azərbaycan Ordusu əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq. Azərbaycan xalqı ordusuna güvənir, onun arxasındadır”.
M.Məmmədov vurğulayıb ki, düşmənin dinc əhaliyə qarşı təxribatları, xain hücumları xalqımızın iradəsini qıra bilmir və bilməyəcək. Bütün ziyalılar Prezidentin müdrik və uzaqgörən siyasətini dəstəkləyirlər. Çünki bizim işimiz haqq işidir. Azərbaycan Ordusu işğal altında qalan torpaqlarımızı qısa müddətdə azad edəcək. Biz xalq olaraq buna əminik və böyük ruh yüksəkliyi ilə məhz o günü gözləyirik. Ulu Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Qarabağ Azərbaycandır!