CƏMİYYƏT
Professor Mübariz Əliyev: Yanlış diaqnoz qoyulması xəstəliyin müalicəsində vaxt itkisinə səbəb olur
Bakı, 7 iyul, AZƏRTAC
Universitet xəstəxanası bütün dünyada digər klinikalardan fərqlənir. Fərq ondadır ki, həmin klinikalarda peşəkar cərrahlar briqadası çalışır, müraciət edən xəstələr həcmli və mürəkkəb əməliyyatlara məruz qalırlar. Universitet xəstəxanası bütün dövlətlərdə həmin rolu oynayır. Xarici ölkələrdə universitet xəstəxanası daim birinci hesab edilir. Ölkəmizdə də belə bir müalicə ocağının olması yaxşı haldır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyev universitetin mətbuat xidmətinə verdiyi müsahibə zamanı deyib.
Klinikada əməliyyatların laporoskopik üsulla aparıldığına üstünlük verildiyini bildirən professor deyib: “Laporoskopik əməliyyat az invozivdir. Ağrısız ötüşür və əməliyyatdan sonra həyat keyfiyyəti yüksək olur. Bütün bağırsaq və mədə xərçəngi əməliyyatlarını həmin yolla aparırıq. Bəzən 70 yaşından yuxarı xəstələrdə laporoskopik əməliyyatların uyğun olmadığını deyirlər. Lakin təcrübə göstərir ki, 70 yaşdan yuxarı olanlarda da həmin üsulla əməliyyat mümkündür. Həmin əməliyyatı icra etmək üçün universitet xəstəxanasında anestesioloji və reanimatoloji xidmət çox yüksək səviyyədədir”.
Mübariz Əliyev, həmçinin ümumi cərrah kimi ona daha çox öd yolları problemləri ilə əlaqədar olan və daş xəstəlikləri ilə bağlı əməliyyatların icrası üçün müraciət edildiyini söyləyib: “Başqa klinikalarda yol verilən diaqnostik səhvlər nəticəsində ağırlaşaraq gətirilən xəstələrlə çox rastlaşırıq. Biz müalicə həkiminin səhvlərini araşdırmağa adət etmişik. Təəssüf ki, diaqnostikada yol verilən səhvləri araşdıran yoxdur. Məsələn, bir neçə gün əvvəl gətirilən xəstələrdən biri özəl klinikada qastroskopiya edilərək mədəsi yoxlanılıb və ona qastrit diaqnozu qoyulub. Bundan üç gün sonra xəstə özünü pis hiss edib və yenidən müayinə edərkən onun mədə xərçəngi olduğunu aşkar etdik. Halbuki xəstənin mədəsində xərçəng çox geniş yayılmışdı. Nəticədə müalicə də yubanmış olur. Əslində xəstə vaxtında həkimə müraciət etsə də, diaqnostik səhv nəticəsində xeyli vaxt itirir, müalicə də yanlış aparılır”.