ELM VƏ TƏHSİL
Professor Mustafa Babanlı ikinci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak edəcək
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı sentyabrın 21-dən 23-dək Vyetnamın Vung Tau şəhərində ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş ikinci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak edəcək.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Vyetnam Dostluq Forumu Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılır. Belə ki, 2014-cü ildə Vyetnama dövlət səfəri zamanı Prezident İlham Əliyev respublikamızın ali təhsil ocaqlarının vyetnamlı məzunları ilə görüşdə Azərbaycan-Vyetnam Dostluq Forumunun Bakıda keçirilməsi ilə bağlı ölkəmizin Təhsil Nazirliyinə və Azərbaycanın Vyetnamdakı səfirliyinə tapşırıqlar verib. Bunun əsasında, 2015-ci il mayın 7-də birinci Azərbaycan-Vyetnam Dostluq Forumu keçirilib.
İkinci forum zamanı, vyetnamlı mütəxəssislərin hazırlanmasında müstəsna rolu olmuş Azərbaycanın üç ali təhsil ocağının, o cümlədən ADNSU-nun Vyetnamın “Dostluq” medalı ilə təltif olunması nəzərdə tutulur.
“Dostluq” medalı Vyetnamın digər ölkələrlə dostluq əlaqələrinin qurulmasında böyük rol oynamış şəxslərə və təşkilatlara Vyetnam prezidenti tərəfindən verilir.