ELM VƏ TƏHSİL
Professor Nadir Məmmədli beynəlxalq tədbirdə “Ortaq türk əlifbası” mövzusunda məruzə edib
Bakı, 31 may, AZƏRTAC
Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı Katibliyinin dəstəyi ilə Astanada Türk dünyasının ortaq əlifbası komissiyasının ilk iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda komissiyanın üzvləri, türk ölkələrinin dilçilik elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
İclasda Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev qeyd edib ki, türk xalqlarının latın qrafikası əsasında ortaq əlifbaya keçidi məsələsi ilk dəfə 100 il əvvəl Bakı şəhərində keçirilən I Türkoloji Qurultayda müzakirə olunub. Onun sözlərinə görə, 1991-ci ildə isə türk dövlətlərinin müstəqillik əldə etməsi ilə çoxdankı təşəbbüs yenidən gündəmə gəlib.
İclasda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli “Ortaq türk əlifbası” mövzusunda məruzə edib. Professor bildirib ki, ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifbasının olmasının müstəsna əhəmiyyəti vardır. Hər bir ədəbi dilin inkişafında əlifba əsas rol oynayır. Şübhəsiz ki, yaradılan ümumtürk ədəbi dilinin formalaşması və inkişafında da türk xalqları üçün ortaq əlifba xüsusi əhəmiyyət kəsb edir.
Nadir Məmmədli qeyd edib ki, latın qrafikası əsasında ortaq əlifbanın yaradılması türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynayacaq. Türk dünyası üçün son dərəcə zəruri olan bu problemin həlli bütün ziyalıların, o cümlədən xüsusi olaraq türkoloqların qarşısında təxirəsalınmaz bir vəzifə kimi durmaqdadır.
Türk Dilçilik Cəmiyyətinin vitse-prezidenti Yüksel Özgen qeyd edib ki, əlifba birliyi türk xalqlarını daha da yaxınlaşdıracaq.
Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert isə qədim dövrlərdə əcdadlarımızın yüksək yazılı mədəniyyətə malik olduğunu xatırladıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayevin keçirdiyi dördüncü sessiyada iclasın yekun sənədləri qəbul edilib.