REGİONLAR
Professor Nazim Əhmədovun monoqrafiyalarının təqdimatı keçirilib
Naxçıvan, 21 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında Mühasibat uçotu və maliyyə kafedrasının professoru, iqtisad elmləri doktoru Nazim Əhmədovun “Sürətlə inkişaf edən və modernləşən Naxçıvan iqtisadiyyatı” və “Azərbaycan turizmin inkişafı və onun regional problemləri” adlı monoqrafiyalarının təqdimatı olub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov çıxış edərək, hər iki monoqrafiyanın elmi əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, hər iki elmi əsər ali məktəb tələbələri, müəllimlər və bu sahələrlə maraqlanan hər kəs üçün qiymətli mənbə ola bilər. Müəllifi monoqrafiyalarının təqdimatı münasibətilə təbrik edən Məftun İsmayılov ona elmi fəaliyyətində uğurlar arzulayıb.
Universitetin Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru Teymur Abbasov “Sürətlə inkişaf edən və modernləşən Naxçıvan iqtisadiyyatı” monoqrafiyası barədə danışaraq deyib ki, monoqrafiyada ilk növbədə 5 min ildən çox yaşı olan qədim Naxçıvanın iqtisadiyyatının XX əsrin axırlarına qədərki dövrünə nəzər salınıb. Ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonrakı dövr, xüsusilə 1995-ci ildən etibarən makroiqtisadi sabitliyin yaranması və Naxçıvan Muxtar Respublikasının sürətli inkişafı geniş tədqiqat obyektinə çevrilib. Əsərdə muxtar respublika iqtisadiyyatında baş verən köklü dəyişikliklər, əldə olunan uğurlar, bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi siyasəti zəngin statistik materiallar əsasında təhlil edilib.
“Azərbaycan turizmin inkişafı və onun regional problemləri” elmi əsərindən söz açan universitetin Bələdiyyə və turizm kafedrasının müdiri, baş müəllim Flora Kərimova bildirib ki, monoqrafiyada dünyada turizmin meydana gəlməsi, inkişafı, turizm sahəsinə ümumi yanaşmalar və turizm sahəsində beynəlxalq təcrübəyə nəzər salınıb. Azərbaycanda turizmin yaranması, inkişaf tarixi, zəruriliyi, məqsədi və əsas istiqamətləri tədqiq olunub. Həmçinin monoqrafiyada muxtar respublikada turizmin inkişafının müasir vəziyyəti, turizmin inkişaf perspektivləri, bu sahədə həyata keçirilən tədbirlər, turizmdə sahibkarlığın formalaşması və dövlət tənzimlənməsindən söhbət açılıb.
Sonda müəllif muxtar respublikada ziyalı mühitin formalaşması istiqamətində görülən işlərdən danışıb və yaradıcı insanlara göstərilən dövlət dəstəyinə görə minnətdarlığını bildirib.