ELM VƏ TƏHSİL


Professor Nigar Vəliyevanın yeni monoqrafiyası ingilis dilində Serbiyada nəşr edilib

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “Müasir ingilis, rus və Azərbaycan dillərinin müqayisəli tipologiyası” kitabı ingilis dilində Serbiyanın Belqrad şəhərində “Total Trade International” nəşriyyatı tərəfindən işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, yeni kitab, Bolonya təhsil sisteminə keçəndən sonra və hazırda ADU-nun magistr pilləsində təhsil alan tələbələr üçün seçmə fənn kimi nəzərdə tutulan “Müqayisəli tipologiya” fənnindən otuz mühazirənin toplusudur. Adı çəkilən dilləri öyrənmək və öz biliklərini yoxlamaq istəyənlər üçün kitabda, həmçinin yüz sualdan ibarət “Questions in Typology” verilib. Kitab ingilis, rus və Azərbaycan dillərinin müəllimləri, dilçi alimlər, doktorant-dissertantlar üçün də faydalı vəsaitdir.

Kitabda qeyd olunduğu kimi, müasir dünyada ingilis dili qlobal dildir, rus dili ilə yanaşı beynəlxalq dildir. Azərbaycan dili isə bizim ana dili və dövlət dilimiz olduğundan belə monoqrafiyanın yazılması təsadüfi deyil. Çoxmədəniyyətli kommunikasiyanın intensiv inkişaf etdiyi müasir dövrdə bir-birinə qohum olmayan dillərin effektiv öyrənilməsi ilə dilin bütün səviyyələrində araşdırılması olduqca aktualdır.

Uzun illər ADU-nun Azərbaycan və rus bölmələrində “Müxtəlif sistemli dillərin müqayisəli tipologiyası” əsas nəzəri fənn kimi üçüncü kursda tədris olunub.

Bu monoqrafiya təkcə təsvir, analiz, təsnifat və izahetmə yollarının tətbiqinin öyrənilməsinə deyil, həm də qlobal dünyada mədəniyyətlərarası ünsiyyətin inkişafını nəzərə alaraq qohum olmayan dillərin müvafiq səviyyədə səmərəli tədqiqinə həsr olunub. Doğrudur, indiyədək dilçi alimlər müqayisəli tarixi və müqayisəli tipoloji tədqiqatlar sahəsində monoqrafiyalar yazıblar. Lakin professor Nigar Vəliyevanın bu kitabında tipoloji, tarixi və müqayisəli dilçiliyə fərqli prizmadan yanaşılır. Belə ki, monoqrafiyada tarixi linqvistikanın (bu, həmçinin diaxronik linqvistika adlanır) əsas konsepsiyalarının tətbiqinə yaradıcı yanaşma diqqəti cəlb edir. Monoqrafiyanın digər mühüm cəhəti müəllifin müqayisəli dilçilik və kontrastiv dilçilik arasında fərqli və ümumi cəhətləri təfsilatı ilə verməsidir. Kitabda təqdim edilən mövzular fonoloji, morfoloji, sintaktik və leksik aspektdə verilib. Müqayisəli tipologiya oxucuya müqayisə edilən və qohum olmayan dillərin ümumi və fərqli xüsusiyyətləri haqqında düşünməyə və nəticə çıxarmağa kömək edir. Kursu bitirən tələbələr Azərbaycan, ingilis və rus dillərinin qohum olmayan dil kimi tipoloji tədqiqinə fərqli yanaşmağı, müxtəlif tipoloji yanaşma konsepsiyaları haqqında tənqidi müzakirə aparmağı bacaracaq, bir-biri ilə əlaqəsi olmayan dillərdə tipoloji təsnifatı müəyyənləşdirəcək, linqvistik kontekstə uyğun olaraq müxtəlif səviyyələrdə dil vahidini seçə biləcək, dilin müxtəlif səviyyələrində linqvistik, xüsusilə tipoloji təhlil zamanı filoloji səriştəyə malik olacaqlar.

Müəllif monoqrafiyada Azərbaycan, ingilis, alman, fransız, rus dillərində çoxsaylı mənbələri, elm-təhsil üzrə internet resurslarında yer alan materialları tədqiqata cəlb edib.

Kitabın rəyçiləri filologiya elmlər doktoru, professor Əfqan Abdullayev, professorlar Arif Hüseynov və Azad Məmmədovdur.

Professor Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistik Cəmiyyətinin üzvüdür. Onun elmi əsərləri ABŞ, Rusiya, Braziliya, Polşa, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Kanadada, habelə ölkəmizin bir sıra nüfuzlu beynəlxalq elmi-nəzəri-metodik jurnallarında çap edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.