ELM VƏ TƏHSİL


Professor Nuri Aydın: İki qardaş ölkə arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu görməkdən qürur duyuruq

İstanbul, 25 iyun, AZƏRTAC

İlk dəfə Türkiyənin hüdudlarından kənarda, Azərbaycanın paytaxtı Bakıda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının akademik tərəfdaşlarından biri də İstanbul Universiteti-Cərrahpaşadır. Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi, “Türkiye Teknoloji Takımı”–T3 Vəqfi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı, eləcə də 76 tərəfdaş qurumun dəstəyi ilə dörd gün ərzində qardaş Azərbaycanda davam edən “TEKNOFEST Azərbaycan”ın, o cümlədən İstanbul Universiteti-Cərrahpaşanın stendinin ziyarətçilər tərəfindən böyük marağa səbəb olduğunu gördük. Universitetimizin stendini Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar da ziyarət etdi. Festival çərçivəsində qardaş Azərbaycanın tarixi Qarabağ bölgəsini, o cümlədən Şuşanı da ziyarət etmək imkanı əldə etdik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbul Universiteti-Cərrahpaşanın rektoru professor Nuri Aydın ifadə edib.

Universitet ölkəmizdə keçirilən festivalda bu ali təhsil müəssisəsinin rektoru professor Nuri Aydının rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunub.

“TEKNOFEST”in Azərbaycanda keçirilməsinin çox sevindirici hal olduğunu deyən professor iki qardaş ölkə arasında hər sahə üzrə sıx əməldaşlıq əlaqələrinin olduğunu görməkdən qürur duyduğunu dilə gətirib.

Azərbaycanlı həmkarları ilə bir sıra görüşlərinin olduğunu qeyd edən rektor deyib: “Rəhbərlik etdiyim heyətlə bir yerdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Elviz Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanovla görüş keçirdik. Görüşlərimiz nəticəsində akademik əməkdaşlığa dair memorandumlar da imzalandı. Bu memorandumlar qurumlarımız arasında təhsil və araşdırma fəaliyyətlərində əməkdaşlıq, yay məktəbi, diplom proqramları, birgə layihə icrası, bakalavr və magistratura səviyyəsində tələbə, eləcə də tədqiqat və akademik heyət mübadiləsi proqramları, birgə akademik və elmi nəşrlər, ortaq konfrans və simpoziumların keçirilməsi kimi fəaliyyətləri özündə əks etdirir. Bundan əlavə, daha əvvəlki illərdə universitetimizlə akademik əməkdaşlıq memorandumu imzaladığımız Azərbaycan Tibb Universitetinə (ATU) də getdik. Başda ATU-nun rektoru professor Gəray Gəraybəyli olmaqla universitetin idarə heyətinin üzvləri ilə görüşdük. Əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə etdik. Hətta Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270-ci ildönümü münasibətilə ATU tərəfindən təşkil edilən konsertdə də olduq”.

Səfər zamanı ölkəmizin bir sıra tibb müəssisələrini də gəzdiklərini xatırladan rektor burada həmvətənlərimizlə yanaşı xarici ölkə vətəndaşlarının da etibarlı səhiyyə xidməti aldığının şahidi olduqlarını deyib. O, xəstəxanalarımızda azərbaycanlılarla yanaşı türk həkimlərin də fəaliyyət göstərdiyini görməyin sevindirici hal olduğunu bildirib.

“Qardaş ölkə Azərbaycanla akademik əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”, - deyən professor Nuri Aydın davam edib: “Türkiyənin nüfuzlu universitetlərindən biri olan İstanbul Universiteti-Cərrahpaşa fəaliyyətini, həmçinin tədqiqat istiqamətində davam etdirir. Təcrübəli professor-müəllim heyətimiz və universitetimiz daxilindəki akademik bölmələrimizin elmi araşdırmaları ilə dünya reytinqlərindəki yerimizi hər il daha da irəli aparırıq. Beynəlxalq fəaliyyətimiz çərçivəsində əməkdaşlığa da böyük əhəmiyyət veririk. Artıq qeyd etdiyim kimi, bu çərçivədə qardaş ölkəmizdə keçirdiyimiz görüşlər zamanı Azərbaycan universitetləri ilə ikitərəfli əməkdaşlıq müqavilələri imzaladıq. Azərbaycanda mühüm akademik nailiyyətləri ilə məşhur olan bir çox universitet var. Bu universitetlərlə beynəlxalq akademik əməkdaşlıq müqavilələri bağlamışıq. Məqsədimiz iki ölkə arasında birgə təhsil layihələri vasitəsilə ali təhsildə birlik və həmrəyliyi daha da inkişaf etdirməkdir”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.