SİYASƏT


Professor Oqtay Tanrısevər: Təxribatları davam etdirmək işğalçı Ermənistana yaxşı heç nə vəd etmir

Ankara, 8 sentyabr, AZƏRTAC

Ermənistan Azərbaycanın hərtərəfli, xüsusilə də hərbi, iqtisadi və enerji sahələrindəki inkişafından bərk təşviş keçirir. Zənnimcə, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən təcavüzkar tərəfin hərbi təxribatlarının səbəblərindən biri də budur. Eyni zamanda, işğalçı tərəf Azərbaycanla təkbətək qarşılaşmaq imkanında olmadığının fərqindədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyəli professor Oqtay Tanrısevər söyləyib.

Ermənistanın iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətindən dövlət sərhədi boyunca Azərbaycana hücum etməsi, baş nazir Nikol Paşinyanın Qarabağa səfəri, onun arvadı Anna Akopyanın avtomat silahla fotolar paylaşması, Livan ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarına yerləşdirilməsi və s. hadisələri bir-birinə bağlı və ciddi təxribatlar kimi dəyərləndirən Oqtay Tanrısevər deyib: “Təəssüf ki, Ermənistan tərəfi real vəziyyəti düzgün dəyərləndirmir və mövcud vəziyyətlə hesablaşmaq istəmir. Azərbaycan Ordusunun hərtərəfli inkişafı deməyə əsas verir ki, artıq Ermənistanın xəyal etdiyi vəziyyət tarixdə qalıb. İstər 2016-cı ilin Aprel döyüşlərində, istərsə də Tovuz təxribatı zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavablar verdi. Bundan başqa, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimləri iki qardaş ölkənin strateji müttəfiqliyinin gücünü ortaya qoydu. Yaxşı olardı ki, Ermənistan rəhbərliyi mövcud problemlərin həlli ilə bağlı sağlam bir konsepsiya qəbul etsin. Təxribatları davam etdirmək işğalçı tərəfə yaxşı heç nə vəd etmir. Bölgədə baş verə biləcək bütün xoşagəlməz hadisələrə görə məsuliyyət Ermənistanın üzərinə düşür”.

Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi fikirləri xatırladan professor Oqtay Tanrısevər deyib ki, bu mövqe Türkiyə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Azərbaycan Prezidenti Yunanıstan tərəfini təcavüzkar Ermənistanla hərbi əməkdaşlıqda ittiham edərək bir tərəfdən Türkiyəyə olan dəstəyini, digər tərəfdən isə işğalçı tərəfi həvəsləndirən əməkdaşlığın yolverilməz olduğunu bütün dünyaya nümayiş etdirdi.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.