ELM VƏ TƏHSİL


Professor: Prezidentin Fərmanı elm və təhsilin inteqrasiyasına, intellektual potensialın artırılmasına təkan verəcək

Bakı, 29 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı respublikamızda çoxdan bir-birindən ayrı düşmüş elm və təhsilin inteqrasiyasına və vəhdətdə inkişafına hədəflənib. Elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə mütəmadi olaraq zənginləşməyən, nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Çünki qabaqcıl texnologiyalar, idarəetmə üsulları və elmi nailiyyətlər əsasında yaradılan innovasiyalar təhsil prosesinə ləng tətbiq edilir. Bu baxımdan elm və təhsilin vəhdətinin yaradılması, vahid mərkəzdən idarə olunması çox vacibdir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov söyləyib. Professor bildirib ki, elmi tədqiqatların və təhsil tədqiqatlarının mərkəzləşdirilmiş qaydada aparılmasının böyük üstünlükləri var. Respublikamızda elmin inkişafı həm də təhsilin ehtiyaclarına uyğunlaşdırılmalıdır. Elm və təhsil vahid sosial institut kimi birgə inkişaf etdirilməli, biri digərinin inkişafına təkan verməlidir.

Dövlətin əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılmasıdır ki, bu da təhsil, elm və innovasiya arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasını tələb edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı təşviq olunur. Bunun üçün də universitetlərin güclü maddi-texniki bazası və infrastrukturu olmalıdır. Hazırkı dövrdə bu tələblərə cavab verən universitetlərimiz çox azdır. Nazirliyin tabeliyinə verilən tədqiqat institutları ilə müvafiq universitetlərimizin inteqrasiyası nəticəsində tədqiqat universitetlərinin yaradılmasına nail ola bilərik.

“AMEA-da təhsilin əsasları, pedaqogika və ayrı-ayrı fənlərin tədrisi texnologiyası ilə bağlı tədqiqatlar aparılmasa da, fundamental elmlər sahəsində böyük nailiyyətlər qazanılmışdı. Həmin tədqiqatların tədrisə, tədqiqatçıların isə universitet auditoriyalarına gətirilməsinə çox böyük ehtiyac vardır. “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman AMEA-nın ayrı-ayrı sahə institutlarının zəngin laboratoriyalarından universitet tələbələrinin, dissertant və doktorantlarının istifadəsini asanlaşdırmaqla yanaşı, elmi potensialdan səmərəli istifadəni təmin edəcək. Elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlərin Elm və Təhsil Nazirliyinə həvalə edilməsi elmin müasir tələblərə uyğun inkişaf strategiyasının və təşkilati strukturunun formalaşdırılmasını tələb edir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması bu məqsədin reallaşdırılmasına, elm və təhsilin idarəedilməsinin optimallaşdırılmasına xidmət edir. Ümidvaram ki, Prezidentin bu Fərmanı Azərbaycanda elm və təhsilin inteqrasiyasına, tərəqqisinə, intellektual potensialın artırılmasına və insan kapitalının inkişafına güclü təkan verəcək”, - deyə Fərrux Rüstəmov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.