ELM VƏ TƏHSİL


Professor Qərib Mürşüdov Avropa Molekulyar Biologiya Təşkilatına üzv seçilib

Bakı, 14 iyun, AZƏRTAC 

Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Struktur Tədqiqatlar Bölməsinin Hesablama kristalloqrafiyası qrupunun rəhbəri, Kembric Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun hesablama struktur biologiyası laboratoriyasının müdiri Qərib Mürşüdov və Kembric Universitetinin qrup rəhbəri Lalita Ramakrişna təkcə Avropadan deyil, eləcə də bütün dünyadan ən nüfuzlu 1800 alimi birləşdirən Avropa Molekulyar Biologiya Təşkilatına (European Molecular Biology Orgaziation - EMBO) üzv seçiliblər. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Əsası 1964-cü ildə qoyulan Avropa Molekulyar Biologiya Təşkilatı bütün dünyada elmin inkişafına təkan verir. Təşkilatın əsas məqsədi istedadlı tədqiqatçılara onların fəaliyyətlərinin bütün mərhələlərində dəstək olmaq, elmi informasiya mübadiləsini stimullaşdırmaq və alimlər üçün istedadlarının üzə çıxmasına imkan verən mühit yaratmaqdır.

EMBO gənc alimlərə tədqiqatlarında yardım edir, onların beynəlxalq aləmdə nüfuzunu artırır və mobilliyini təmin edir. EMBO-nun nəşrləri ən son tədqiqatlar haqqında məlumatı yayır və yüksək standartlara cavab verən texnologiyaların öyrənilməsi üçün təlimlər təşkil edir.

Zülalların funksiyalarını aydınlaşdırmaq üçün onların üçölçülü quruluşunu öyrənmək zəruridir. Strukturunun təyin edilməsi çətin olan zülalların etibarlı atom modellərini əldə etmək üçün metodların inkişafı və təkmilləşdirilməsi tələb olunur. Qərib Mürşüdovun tədqiqatlarının əsas istiqaməti makromolekulyar kristalloqrafiya və elektron krio-mikroskopik struktur analizlər üçün effektiv riyazi, statistik və hesablama alqoritmlərinin yaradılmasıdır. Onun qrupu, həmçinin bu alqoritmləri proqram təminatı şəklində yeni zülal strukturlarının müəyyən edilməsi üçün tədqiqatçılara təqdim edir. Qərib Mürşüdovun qrupu qeyri-dəqiq yaxud məhdud informasiyaya malik zülal strukturlarının təyini üçün metodların işlənib hazırlanmasına daha çox diqqət yetirir. Bu zaman struktur və kimyəvi quruluş haqqında mövcud olan nəzəri biliklər eksperimental məlumatlarla tamamlanır.

Professor Lalita Ramakrişnanın qrupunun apardığı tədqiqatlar isə tüberkülozun patogenezi və bu xəstəliyə çox fərqli həssaslıqların əsaslarının öyrənilməsinə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.