ELM VƏ TƏHSİL


Professor Səhər Orucova: Xalqımız torpağa müqəddəs varlıq kimi baxıb

Professor Səhər Orucova: Xalqımız torpağa müqəddəs varlıq kimi baxıb

Bakı, 14 mart, AZƏRTAC

Novruz bayramı öncəsi keçirilən İlaxır çərşənbə azərbaycanlıların mifoloji düşüncəsindən qaynaqlanan əsas yaranış ünsürlərindən sonuncusu hesab olunan torpaq ilə bağlanır. Torpaq çərşənbəsi hesab olunan sonuncu Çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi olaraq qeyd edilir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova söyləyib. S.Orucova bildirib ki, qədim dövrlərdən bəri xalqımız torpağa müqəddəs varlıq kimi baxıb, ona aid andlar, atalar sözləri və s. folklor nümunələri yaradıblar. Məsələn: “Torpaq haqqı”, “Torpağı sanı yaşayasan”, “Torpaqdan pay olmaz”, “Torpaq deyir: “Səndən hərəkət, məndən bərəkət”, “Torpaqla oynayan ac qalmaz”, “Sular hərəkətlidir, torpaq bərəkətlidir”, “Torpaqda itki olmaz, kötüksüz bitki olmaz” və s.

Torpaq çərşənbəsinin özünəməxsus inancları mövcuddur. Torpaq çərşənbəsində torpağı əkinə hazırlama işləri başlayır: yerlər şumlanır, toxumlar səpilir. İnanca görə, əcdadlarımız həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayar, bunu edə bilməyənlər isə, heç olmasa, torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkin-biçin vaxtının yetişdiyini xəbər verməkdir. Qədimdən gələn digər bir adətə görə, İlaxır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanarmışlar. Həmin gün axşam vaxtı tonqallar qalanır, hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar. Ən hündür və böyük tonqallar məhz bu Çərşənbədə qalanır. Lap qədimdən insanlar odun üstündən yeddi dəfə atlanıb azar-bezarını ocaqda yandırıb yeni ilə sağlam bədənlə qədəm qoyduqlarına inanırlar.

Torpaq çərşənbəsində insanlar öz qohumlarını yad edir, dünyalarını dəyişmiş insanların qəbirlərini ziyarətə gedirlər.

Əcdadlarımız Çərşənbə və bayram günlərində ruhların qayıdıb gəlməsinə inanıblar. Ruhların şad olması üçün bu dünyaya qayıdarkən ev sakinlərini, əzizlərini şən əhvali-ruhiyyədə görməsi əsas şərtlərdən idi. İnanca görə, ruhun evdən-ocaqdan bikef qayıtması uğursuzluq əlamətidir. Hətta İlaxır çərşənbədə yandırılan şamlar ev sakinlərinin sayından bir ədəd çox qoyulur. Həmin əlavə şam ruhlar adına yandırılır.

Evin bərəkətli olması üçün əcdadlarımızın həyata keçirdiyi ayinlərdən biri İlaxır çərşənbədə un çuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danışmadan əllərini una batıraraq divarlara sürtmək, bayıra çıxıb ağacların kötüyünü balta ilə yüngülcə vuraraq “oyan, payını götür” demək bu ayinin tərkib hissəsidir. Əcdadlarımız inanıblar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri gen-bol olacaqdır. Heç bar verməyən ağacları isə “kəsəcəyəm” deyə balta ilə hədələyir və bu zaman kənarda durmuş bir adam “kəsmə, bu ağac bar verəcək, zaminəm” deyir.

İlaxır çərşənbədə ağacla bağlı inanclardan biri heyva çubuğundan gözmuncuğu düzəldilməsidir. Hətta bu Çərşənbədə uşaqlar üçün düzəldilən beşiyin də xeyirli olacağına inanıblar. Bu da türk düşüncəsindəki ağac kultu ilə bağlıdır. Türk düşüncəsi yaradılışdan bəhs edərkən ağacı bu hadisənin ana motivi kimi göstərir: Öncə yerdən doqquz budaqlı bir ağac yüksəltmiş, sonra hər budağın altında bugünkü insanlığın ilk atalarından birini yaradaraq bu doqquz insana ağac kölgəsində yaşamaq imkanı veribdir. Bu düşüncədən irəli gələrək zamanla ağac müqəddəsləşdirilib.

Bu Çərşənbədə evdən od, neft, kibrit, ağartı qidalarının verilməsi qadağan olunub, əks halda evdəki bərəkətin yoxa çıxacağına inanıblar.

Axır çərşənbə çoxsaylı və sınanmış falları ilə əlamətdardır. Axır çərşənbə süfrəsindəki yeyilən balığın sümüyü ilə ilk övladın qız və ya oğlan olmasını, üzük ilə subayların evlənmə vaxtını təyin etmək fal inanclarındandır. İlaxır çərşənbədə bir yerə yumurta, kömür, cövhər basdırar və niyyət edərmişlər. Yumurta kömür ilə yazılarsa, niyyətin baş tutacağına inanıblar.

İlaxır çərşənbənin ən maraqlı adətlərindən biri “Qurşaqatma”dır. Sonradan bu ənənənin adı “Papaqatdı” ilə əvəzlənib. Uşaqlar Novruz payı toplamaq məqsədilə evlərə şal sallamışlar. Müasir dövrdə isə bu ənənəni papaq ataraq həyata keçirirlər. Qədim dövrlərdə hətta oğlanlar sevdiyi qızlara sevgilərini etiraf etmək üçün bacadan şal sallamış, bununla da qızların onlara meyli olub-olmadığını öyrəniblər: ucuna balaca dəsmal bağlanmış şal bacadan sallanar, evin böyükləri yaylığı açıb şalı qızın qoluna bağlayarlarsa, bu, razılıq əlaməti demək idi. Əgər razı deyillərsə, həmin dəsmala şirniyyat qoyub onu geri qaytararmışlar.

İlaxır çərşənbədə subay qızlar bir çox fallara baxar, qismətlərinin necə, həyat yoldaşlarının kim olacağını, neçə yaşında ərə gedəcəklərini öyrənərlər. Bu fallar su, şam, üzük, iynə və başqa əşyalarla icra olunur.

İlaxır çərşənbədə küsülülər barışmalı, hamı təzə paltar geyməli, xoş sözlər danışmalıdır. Bu Çərşənbədə niyyət tutub qulaq falına çıxır, eşitdikləri sözlə niyyətlərini yozurlar.

Torpaq çərşənbəsində süfrələr daha da təmtəraqla bəzədilir. Bəzi bölgələrdə aşla yanaşı, dolma, balıq bişirilməsi vacib hesab olunur. İlaxır çərşənbədə süfrəyə səməni, şamlar, şirniyyatlar, qoz-fındıq, bir çox çərəzlər, qovurğa qoyulur. Çərşənbə, bayram xonçasına qoyulan şirniyyatların da rəmzi mənaları var. Süfrəyə qoyulan qoğalı günəşin, istiliyin, şəkərburanı Hilalın – Ayın, paxlava isə Ulduzun yerdəki rəmzi kimi götürmək olar. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili və şən keçməsini mənalandırır.

Rəngli yumurtalar da Novruzun əsas atributlarındandır. Dörd ünsürü özündə cəmləyən yumurta, əsasən, soğan qabığı ilə rənglənərək süfrələri bəzəyir. Yumurtanın qabığı torpağı, pərdəsi havanı, ağı suyu, sarısı odu rəmzləndirir. Rəngli yumurtalar torpağın canlanmasına işarədir. “Yumurta döyüşdürməsi” qışla yazın, soyuqla istinin mübarizəsini ehtiva edir. Bu oyunda sınan yumurta məğlubiyyəti göstərir. Məğlub olanlar sınan yumurtaları qalib gələnə verirlər.

Süfrədəki qırmızı qurşaqlı səməni isə öz yaşıl görkəmi ilə daha çox diqqət cəlb edir. Qurşağın qırmızı rəngdə olması şadlığı simvolizə edir. Göyərdilmiş səməni yaradılışı və qadın başlanğıcını ifadə edir. Belindəki qırmızı qurşaqla səməni gəlini də xatırladır. Səməni ilə bağlı xalq arasında ovsun da vardır. İnsanlar səməni ovsunu ilə pis taleyi dəyişdirmək istəyər, buna sidqi-ürəkdən inanıblar.

İlaxır çərşənbələrlə bağlı adət-ənənələr tarixən çox qədim və zəngin olub, lakin tədricən, zaman keçdikcə müasirləşən həyatın təsiri ilə unudulmuş, bəziləri isə başqa bir forma alıb, mahiyyətini dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.