SİYASƏT


Professor Şəhriyar Nəsirov: Yumruq kimi birləşərək işğaldan azad olunan ərazilərimizin bərpasına töhfə verməliyik

Madrid, 7 may, AZƏRTAC

Şuşanı yenidən görə biləcəyimə inana bilmirdim. Buna görə də bu qədim şəhərimizi görəndə, orada olandan sonsuz qürur və şərəf hissi keçirdim.

Bunu Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən həmyerlimiz - Çilinin Adolfo İbanez Universitetinin Elm və mühəndislik fakültəsinin professoru, həmin ali təhsil ocağında bərpaolunan enerji texnologiyaları və idarəetmə üzrə MBA proqramının qurucusu və akademik direktoru olan həmyerlimiz Şəhriyar Nəsirov AZƏRTAC-a müsahibəsində deyib.

Çili ilə Azərbaycan arasında iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsini fəal şəkildə təşviq edən Çili-Azərbaycan Biznes Şurasının qurucularından biri və icraçı direktoru olan həmyerlimiz Şuşa ilə bağlı təəssüratlarını bölüşərək deyib: “Azərbaycan xalqının tarixi irsinin rəmzi olan Şuşa mədəniyyətimizin, azərbaycançılığın mərkəzi olan şəhərlərdən biridir. Şuşada milli mədəniyyətimizin, ədəbiyyatımızın, azərbaycançılıq məfkurəsinin inkişafına sanballı töhfələr verən görkəmli elm və incəsənət xadimlərinin dünyaya gəldiyi, yaşadığı məkandır”.

Azərbaycanlı alim bir qarabağlı kimi Şuşanın azad olunması xəbərini eşidəndə son dərəcə təsirləndiyini vurğulayaraq deyib: “Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın azad olunmasını elan etdiyi zaman Çilidə səhər saat 4 idi. Ancaq İkinci Qarabağ müharibəsi zamanı biz demək olar ki yatmırdıq. Çünki hər an cəbhədən qələbə xəbərini gözləyirdik. Şuşanın azad olunması xəbərini eşitdiyim an demək olar ki, həyatımın ən önəmli və unudulmaz anlarından biri idi. Ona görə də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayına – Zəfər Qurultayına dəvət alanda Şuşanı yenidən görəcəyimə inana bilmirdim. Şuşada olanda sonsuz qürur və şərəf hissi duydum. Çünki cənab Prezidentin bu Zəfər Qurultayında iştirakı və onun dünya azərbaycanlılarına, ictimaiyyətə mesajları çox önəmli, qürurverici və tarixi bir önəm daşıyır. Demək istərdim ki, yüksək səviyyədə təşkil olunmuş Zəfər Qurultayında xaricdə yaşayan soydaşlarımızla görüşmək özü bir tarixi hadisə idi”.

Şəhidlərimizin, Azərbaycan əsgərinin qanı ilə çilənmiş “Zəfər yolu” ilə Şuşa şəhərinə gəlişinin bu Qurultayda daha bir kövrəldici məqamlarından olduğunu deyən alim işğaldan azad olunan ərazilərin 30 ildə ermənilər tərəfindən xarabalığa çevirdiyinin şahidi olduğunu qeyd edib.

“Mən cəbhə zonasında böyümüşəm və uşaq olarkən işğal altındakı ərazilərə yalnız uzaqdan baxa bilirdik. Amma indi bu ərazilərə sərbəst daxil oluruq. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, canından keçən şəhidlərimiz sayəsində reallaşdı. Qarabağda görülən genişmiqyaslı bərpa və quruculuq işlərinin, canlanmanın şahidi olduq. Biz səbirsizliklə bu işlərin tamamlanmasını gözləyirik. Deyirlər Şuşanın dağları dumanlı, niskinli olur. Zəfər Qurultayı başlayan zaman, hətta dövlətimizin başçısının qeyd etdiyi kimi Şuşa bizi gözəl günəşli hava ilə qarşıladı”, - Şəhriyar Nəsirov vurğulayıb.

Zəfər Qurultayının bir iştirakçısı kimi öz rolunu işğaldan azad olunan torpaqlarda ermənilərin vandalizm aktlarını, Azərbaycanın isə yaradıcılıq, inkişaf, sülhməramlılıq missiyasını, yəni reallıqları dünya ictimaiyyətinə çatdırmaqda görən azərbaycanlı alim diqqətə çatdırıb ki, müharibə vaxtında olduğu kimi bu gün də azad olunan torpaqlarımızın bərpasında, əhalimizin bu ərazilərə qaytarılmasında bir “yumruq” kimi çalışıb, töhfə vermək gərəkdir: “Qurultay çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri ilə bir neçə görüşlərim oldu. Mən bərpa olunan enerji texnologiyaları, günəş, külək enerjisi sahəsində çalışıram. Qarabağımızın, Azərbaycanın çiçəklənməsinə bu sahədə töhfə verməyə hazıram”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.