CƏMİYYƏT
Professor Şirməmməd Hüseynovun 90 illiyi qeyd edilib VİDEO
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Azərbaycan Mətbuat Şurası Bakı Dövlət Universitetinin professoru, görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun 90 illik yubileyi münasibətilə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov yubilyarı təbrik edərək, onun mətbuat tariximizdəki xidmətlərindən, yaradıcılığından danışıb. O deyib: “Azərbaycan jurnalistikasında yaşayaraq adını mətbuat tarixinə həkk edən professor Şirməmməd Hüseynovu elm, ziyalılıq, təhsil müstəvisində özümüzə nümunə bilirik. Böyük və maraqlı ömür yolu keçən Ş.Hüseynov Azərbaycan mətbuat tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan mətbuat tarixi əsas tədqiqat sahəsi olsa da, Ş.Hüseynov bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdəndir”.
Daha sonra Şirməmməd Hüseynovun həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, deputatlar Rafael Hüseynov və Cavanşir Feyziyev, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov, ANS şirkətlər qrupunun vitse–prezidenti Mirşahin Ağayev, Bakı Slavyan Universitetinin dosenti Aynur Bəşirli çıxış edərək Şirməmməd Hüseynovun həyatından, yaradıcılığından, ictimai fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən söhbət açıblar. Bildirilib ki, Ş.Hüseynovun Azərbaycan Xalq Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir. Bir çox mükafatların sahibi olan Ş.Hüseynov onlarla beynəlxalq seminar, simpozium və konfransda iştirak edib. O, “Milli haqq və ədalət axtarışında”, “Mənəvi irsimiz və gerçəklik” və digər kitabların müəllifidir.
Natiqlər Prezident İlham Əliyevin Sərəncamı ilə Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif olunması münasibətilə yubilyarı təbrik ediblər.
Çıxış edən professor Şirməmməd Hüseynov xoş sözlərə görə iştirakçılara təşəkkürünü bildirib, Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb.
Qeyd edək ki, Şirməmməd Hüseynovun 90 illik yubileyi münasibətilə “İstiqlalın işığında” adlı kitab nəşr edilib. Kitabda Azərbaycanın elm və ictimai xadimlərinin Ş.Hüseynovun həyatı, yaradıcılıq yolu barədə məqalələri və müxtəlif fikirləri toplanıb. Kitab Ş.Hüseynovun nəsillərə örnək olan elmi və publisistik yaradıcılığının təhlili baxımından Azərbaycan elmi mühiti və jurnalistləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.