SİYASƏT
Professor Tahir Pənahov: Gəncə hadisələri bəzi xarici qüvvələrin məqsədyönlü planlarının nəticəsidir
Bakı, 14 iyul, AZƏRTAC
Gəncə hadisələri bəzi xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaq istiqamətindəki məqsədyönlü planlarının nəticəsidir. Şübhə yoxdur ki, həmin hadisələr birmənalı şəkildə xaricdən idarə olunur. Xaricdə olan düşmənlərimiz çirkin niyyətlərini yerli əlaltıları vasitəsilə həyata keçirmək istəyirlər. Onların məqsədi Azərbaycanda mövcud olan və dünya ölkələrinə nümunə göstərilən sabitliyi pozmaq, çaxnaşma, vətəndaş qarşıdurması yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iyulun 10-da Gəncədə törədilən cinayət əməllərinə münasibət bildirən Azərbaycan Memarlıq və İnşaat Universitetinin fizika kafedrasının müdiri, professor Tahir Pənahov söyləyib.
Professor diqqətə çatdırıb ki, Gəncədə törədilən hadisələr Azərbaycanın dövlətçiliyinə, sabitliyinə, inkişafına yönələn xəyanətkar cəhddir. Azərbaycanın sürətli inkişafını, güclü bir dövlətə çevrildiyini görən düşmənlərimiz bütün vasitələrdən istifadə edərək ölkəmizdə mövcud stabilliyi pozmağa cəhd göstərirlər. Lakin Azərbaycan xalqı sabitliyin pozulmasına, iğtişaşa qarşıdır. Çünki xalqımız dinc şəraitdə, xoşbəxt yaşamağın tərəfdarıdır. Biz yaxın keçmişimizdən ibrət götürməliyik, o illərə qayıtmamaq üçün ayıq-sayıq olmalıyıq, kimlərinsə yağlı vədinə şirniklənməməliyik, dövlətimizin başçısının ətrafında sıx birləşməli, dövlətçiliyimizi qorumalıyıq.