ELM VƏ TƏHSİL
Professor: Ulu Öndər Azərbaycanda yüksəkixtisaslı kadrların yetişdirilməsinə hər zaman xüsusi diqqətlə yanaşıb
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin hakimiyyət illəri ölkəmizin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tarixinə bir sıra mühüm hadisələrin, şərəfli səhifələrin əlavə olunması ilə yadda qalıb. Hələ 1969-cu ildə - sovet dönəmində Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev respublikamızda elmi potensialın inkişaf etdirilməsinə, bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqətlə yanaşıb. 1970-1980-ci illərdə Ulu Öndər elmin ayrı-ayrı sahələri üzrə respublikamızda elmi bazanın yaradılması üçün dünyanın qabaqcıl elm və təhsil müəssisələrinə gənc mütəxəssislər göndərib, onların inkişafı, fəaliyyəti üçün diqqət və qayğısını əsirgəməyib.
Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva söyləyib. O bildirib ki, məhz dahi liderin uzaqgörənliyi sayəsində respublikamızda elmin, o cümlədən biologiya, biokimya, molekulyar biologiya, biofizika, gen biotexnologiyası, bioinformatika, bioenergetika kimi müasir sahələri inkişaf edib. Bu gün bioloq alimlərimizin bitkilərin botaniki, texnoloji, tibbi cəhətdən, fiziki-kimyəvi, hüceyrə, gen səviyyəsində hərtərəfli tədqiqi istiqamətinə və son nəticədə kənd təsərrüfatı və sənayenin insanların mənafeyi naminə idarə olunmasına doğru yönəldilmiş tədqiqat işləri beynəlxalq miqyasda tanınır və qiymətləndirilir. Təbiətin, yaşıllığın qədrini bilən Ulu Öndər həmişə onun mühafizəsinin qeydinə qalıb. Azərbaycanın “Qırmızı Kitabı”nın II cildi məhz dahi şəxsiyyət Heydər Əliyevin müvafiq Sərəncamına əsasən işıq üzü görüb. Hazırda “Qırmızı Kitabı”n III cild Ümummilli Liderimizin100 illiyi şərəfinə hazırlanır. Dünyaşöhrətli siyasətçi Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə rəsmi səfərləri zamanı müxtəlif ölkələrin qabaqcıl elm mərkəzlərinə baş çəkər, görkəmli elm, mədəniyyət xadimləri, o cümlədən uzaq ellərdə yaşayan azərbaycanlı ziyalılarla görüşər, onlara dəyərli məsləhətlərini verərdi. Qeyd edək ki, məhz Heydər Əliyevin ardıcıl siyasəti sayəsində Azərbaycan Avropa Şurasına qəbul olunub, bu da respublikamızın ziyalıları və elm adamları qarşısında geniş imkanlar açıb. Müasir dövrdə dövlətlərarası əməkdaşlığın daha da sıxlaşması, perspektiv elmi istiqamətlərin müəyyənləşdirilməsi, tədqiqatların yüksək səviyyədə aparılması və nəticələrinin müvafiq sahələrə tətbiqi və s. bu imkanların real təzahürüdür.
Ötən əsrin 80-cı illərin sonu 90-cı illərin əvvəllərində bəzi “qüvvə”lər tərəfindən ləğv olunması irəli sürülən Elmlər Akademiyası Ulu Öndərin məqsədyönlü siyasəti sayəsində düzgün istiqamət alaraq, öz mövqeyini daha da möhkəmləndirdi. Hələ 1997-ci il yanvarın 31-də ümummilli lider Heydər Əliyev akademiyanın üzvləri və qabaqcıl alimlərini qəbul edərkən, Elmlər Akademiyası qarşısında onun bu günü və sabahı üçün çox böyük əhəmiyyət kəsb edən məsələlər qoymuşdu. Məhz həmin ildən başlayaraq, akademiyada köklü islahatlar aparılmağa başlanılıb və onun strukturunun təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görülüb. Yaranmış münbit şərait alimlərimizin ruh yüksəkliyini bərpa edərək, misli görünməmiş nailiyyətlər qazanmağa səfərbər edib. Əldə olunmuş nailiyyətlər sırasında bioloqların da payı var idi. Belə ki, akademik Cəlal Əliyevin təşəbbüsü ilə Azərbaycanın bitki, o cümlədən taxıl genofondu xeyli zənginləşdirilib və ölkədə çörək problemi tamamilə həll edilib. Alimin gərgin əməyinin bəhrəsi olan “Azərbaycan Respublikasının Bitki Genetik Ehtiyatlarının Milli Proqramı” onun yeni əsrimizə təqdim etdiyi çox qiymətli töhfəsi oldu.
“Ulu öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verildi. İslahatların aparılması. Akademiyanın milliləşdirilməsi, həqiqi və müxbir üzv seçkilərinin keçirilməsi, seçki ərəfəsində ulu öndər Heydər Əliyevin akademiya üzvlərinin sayının artırılması haqqında xüsusi sərəncamı, fərdi təqaüdlərin təsis edilməsi haqqında fərmanı, nəhayət AMEA əməkdaşlarının əməkhaqlarının vaxtaşırı artırılması haqqında sərəncamları Ulu Öndərin ardıcıl siyasətinin səmərəli bəhrəsi və humanist mövqeyinin parlaq təzahürü idi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsindən və qazanılan şanlı Qələbədən sonra Qarabağda aparılan quruculuq işləri, müxtəlif layihələrin reallaşdırılması çox böyük fərəh gətirir. Hazırda bioloqlarımız tərəfindən Qarabağın bioloji müxtəlifliyinin tədqiqi istiqamətində irihəcmli tədqiqatların aparılması planlaşdırılır. Bu gün alimlərimizin qarşısında duran əsas vəzifə onlara göstərilən etimadı doğrultmaqdan, Azərbaycan dövlətçiliyinin qorunması, onun müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi dirçəlişi naminə fundamental və tətbiqi tədqiqatların intensivliyinin yüksəldilməsinə çalışmaqdan ibarətdir. Bir daha Ulu Öndərimizi böyük ehtiram və qürurla anır, ona Allahdan rəhmət diləyirik!”,- deyə Səyyarə İbadullayeva fikrini yekunlaşdırıb.