SİYASƏT
Professor Zakir Avşar: Anım Günü bütün türk dünyası üçün tarixi əhəmiyyət daşıyan böyük Qələbənin başlanğıc günüdür
Ankara, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü bütün türk dünyası üçün tarixi əhəmiyyət daşıyan böyük Qələbənin başlanğıc günüdür. Şəhid və qazilərimizin qəhrəmanlığı əbədiyyətə qədər xalqlarımızın qan yaddaşında yaşayacaq. Biz türk xalqları olaraq bütün dövrlərdə müstəqilliyimizi, azadlığımızı və rifahımızı şəhid və qazilərimizə, onların ailələrinə borcluyuq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı professor Zakir Avşar ifadə edib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında göstərdiyi şücaəti dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını ifadə edən professor Zakir Avşar deyib: “Azərbaycan Ordusu bu müharibədə peşəkarlığını və vətənpərvərliyini olduğu kimi humanistliyini də bütün dünyaya göstərdi. Azərbaycan Ordusu bir tərəfdən düşməni məhv etdisə, digər bir tərəfdən bütün döyüş prosesində mülki əhaliyə zərər vurmamaq üçün böyük səylər göstərdi. Azərbaycan hərbçiləri yüksək peşəkarlıqla bütün dünyaya xalqın vətən sevgisini nümayiş etdirdilər”.
Azərbaycan Silahlı Qüvvələrinin dünyada ən qüdrətli və peşəkar Ordular sırasında yer aldığını diqqətə çatdıran professor Zakir Avşar əminliklə deyib ki, iki qardaş ölkənin bütün sahələri əhatə edən əməkdaşlığı, Şuşa Bəyannaməsi ilə təşəkkül tapan müttəfiqliyimiz bütün bölgəyə sülh, sabitlik, birgəyaşayış və səmərəli əməkdaşlıq vəd edir.
Ankara