SİYASƏT
Professor Zakir Avşar: Bu Qələbə Azərbaycan əsgərinin cəbhədə qazandığı möhtəşəm zəfərdir VİDEO
Ankara, 21 noyabr, AZƏRTAC
Bu günlər Azərbaycan böyük sevinc içərisindədir. Təbii ki, hamı kimi, mən də çox sevincliyəm. Ağdam rayonunun 27 ildən sonra Azərbaycana geri qaytarılması tarixi hadisədir. Bu, şəhid və qazilərimizin rəşadəti hesabına qazanılmış uğurdur. Bu, böyük hərbi zəfəri ilə müdrik diplomatiyanın ortaq nəticəsidir. Azərbaycan öz problemini təkbaşına həll edərək hərbi gücünü və diplomatik imkanlarını bütün dünyaya göstərdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin dekanı, professor Zakir Avşar ifadə edib.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları və işğal altındakı ərazilərimizin düşməndən xilas edilməsi prosesini Çanaqqala zəfəri və Qafqaz İslam Ordusunun tarixi missiyası ilə müqayisə edən professoru Zakir Avşar deyib: “Azərbaycan Ordusu həqiqətən də mübarək bir Ordudur. Müstəqilliyin qorunması üçün üzərinə düşən missiyanı qorumağa qadirdir”.
Türkiyənin bu prosesdə ilk gündən Azərbaycana siyasi və mənəvi dəstək verdiyini, bütün zəruri yardımı göstərməyə hazır olduğunu diqqətə çatdıran professor Zakir Avşar bildirib: “Bu Qələbə Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan əsgərinin cəbhədə qazandığı möhtəşəm zəfərdir”.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin real vəziyyətini yüksək dəyərləndirən alim əminliklə deyib ki, tarixdə çətin və sevincli günlərdə bir-birinin yanında olan dövlətlərimiz və xalqlarımız bunu əbədiyyətə qədər davam etdirəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara