CƏMİYYƏT


Professor Zakir Avşar jurnalist tələbələrə müraciət edib

Ankara, 4 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparan əməkdaşlarının iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşməsi təcavüzkar Ermənistanın terrorçu xislətinin daha bir nümunəsidir. AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun həlak olmaları, günahsız insanların yaralanması xəbəri məni son dərəcə kədərləndirdi. Beynəlxalq ictimaiyyət, bütün media quruluşlarının rəhbərləri, eləcə də ali məktəblərin jurnalistika fakültələrini bu qanlı hadisəyə qarşı haqq səslərini ucaltmağa çağırıram.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Zakir Avşar deyib.

İşğaldan azad olunan ərazilərin minalanmış xəritələrini verməkdən imtina edən Ermənistanın bu addımını növbəti hərbi cinayət kimi dəyərləndirən dekan deyib: “Jurnalist toxunulmazlığı, söz və mətbuat azadlığının qorunması çağırışları ilə daim özlərini diqqətdə saxlamağa çalışan beynəlxalq təşkilatlar Məhərrəm İbrahimov və Sirac Abışovun həlak olmalarına biganəlik göstərə bilməzlər. İndi bütün dünyanın gözü qarşısında söz və mətbuat azadlığı ədalətli mövqe, real hadisəyə real baxış gözləyir. Fürsətdən istifadə edərək jurnalistika üzrə təhsil alan dünya tələbələrinə müraciət edirəm: sizin sosial şəbəkədə böyük qüvvəyə malik səsiniz var. Gənclər səsinizi ədalət naminə bir daha yüksəldin: Ermənistan bu cinayətinə son qoymalıdır. Jurnalist tələbələr sizə müraciət edirəm - Ermənistanın mina cinayətinə səsinizi ucaldın. Sizin haqq səsiniz, ilk növbədə, vicdanınızın səsidir”.

Şəhid həmkarlarımıza Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını arzu edən dekan Zakir Avşar deyib ki, Ermənistanın mina cinayətindən çəkindirməyin yeganə yolu, beynəlxalq ictimaiyyətin ədalətli mövqeyi ola bilər.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.