CƏMİYYƏT
Prokurorluq Biləsuvar rayonunda baş verən insidentlə bağlı məlumat yayıb
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də gecə saat 01 radələrində Biləsuvar şəhəri ərazisində 1984-cü il təvəllüdlü şəhər sakini Rəşad Rzayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Biləsuvar Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, istintaqla hadisənin zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü Fərid Hətəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Fərid Hətəmov Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.