CƏMİYYƏT
Prokurorluq əməkdaşları mütəşəkkil cinayətkarlıq fəaliyyəti nəticəsində əldə olunan aktivlərlə bağlı onlayn videogörüşdə iştirak ediblər
Bakı, 27 avqust, AZƏRTAC
Prokurorluq əməkdaşlarının maliyyə xarakterli cinayətlərin araşdırılması sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə görülən tədbirlər çərçivəsində onların təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərin davamı olaraq, Birləşmiş Millətlər Təşkilatının Cinayət və Ədliyyə üzrə Regionlararası Tədqiqat İnstitutunun (UNICRI) ekspertləri və Azərbaycan Respublikasının Prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə “Zoom” onlayn platforması vasitəsilə videogörüş keçirilib.
Videogörüşdə UNICRI-nin aktivlərin bərpası üzrə ekspertləri ilə yanaşı, Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin böyük prokuroru Rövşən Abdullayev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin əməkdaşı Elmir Zeynalov və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokuroru Kamil Kamilli iştirak ediblər.
Tədbirdə mütəşəkkil cinayətkarlıq fəaliyyəti nəticəsində əldə edilən aktivlərin səmərəli şəkildə izlənilməsi və müsadirəsi, qanunsuz əldə edilmiş aktivlərin dondurulması, saxlanılması, müsadirə edilməsi və bərpası istiqamətində fəaliyyətin qurumlararası və transsərhəd şəkildə əlaqələndirilməsinin təkmilləşdirilməsi, COVID-19 pandemiyasının müxtəlif sahələr, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsi üzərindəki mənfi təsirləri kimi aktual mövzuların müzakirəsi həyata keçirilib, həmin mövzularla əlaqədar ayrı-ayrı ölkələrin müsbət təcrübələri dinlənilib.