CƏMİYYƏT
Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə kampaniyasında iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Son illər respublikamızda yaşıllıqların artırılmasına, yeni park və xiyabanların salınmasına xüsusi diqqət yetirilir. Yaradılan parklar və yaşıllıqlar sakinlərə xoş əhval-ruhiyyə bəxş edir. Əkilən ağaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, paytaxtın ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Əsas məqsəd paytaxtın ekoloji cəhətdən sağlamlaşdırılmasına töhfə verməkdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının əməkdaşları da bu xeyirxah və nəcib tədbirdə həmişə yüksək əhval-ruhiyyə ilə iştirak ediblər. Ulu Öndər tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlətimizin başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin Baş Prokurorluqda yaranmış ənənəyə uyğun olaraq, prokurorluq orqanlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçiriblər.
Tədbir çərçivəsində paytaxtın Suraxanı rayonu ərazisində Dədə Qorqud qəsəbəsinin yaxınlığında bir hektar ərazidə minə yaxın badam ağacı əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq, əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.