CƏMİYYƏT
Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin təşviqi daim diqqət mərkəzində saxlanılır
Bakı, 29 iyul, AZƏRTAC
Müasir dövrün və dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq işçilərinin fəaliyyətində çevikliyin, səmərəliliyin, peşəkarlığın, şəffaflığın təmin edilməsi və artırılması məqsədilə əməkdaşların nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi daim diqqətdə saxlanılmaqla, bu sahədə beynəlxalq təşkilatların müsbət təcrübələrinin öyrənilməsi istiqamətində tədbirlər görülməkdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il iyulun 24-də Avropa İttifaqının (Aİ) və Avropa Şurasının (AŞ) Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) Proqramının ikinci mərhələsi çərçivəsində “Varşava Konvensiyası müddəalarının tətbiqi” mövzusunda keçirilmiş təlim kursunda Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev, həmin idarənin rəis müavini İsmayıl Qayıbov, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov, o cümlədən prokurorluğun və bir neçə hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak ediblər.
Təlim kursuna, həmçinin İqtisadi cinayətlər və əməkdaşlıq şöbəsinin rəhbəri Mustafa Ferati, habelə Avropa Şurasının ekspertləri Klaudio Stroliqo və Martin Poleyn qatılıblar.
Videoformatda keçirilmiş təlim kursu Varşava Konvensiyası ilə tənzimlənən müxtəlif istintaq hərəkətləri, çirkli pulların yuyulmasının qarşısının alınması, bu növ cinayətlərin istintaqının aparılması qaydaları, habelə aktivlərin geri qaytarılması sahəsində görülməli olan işlər, əmlakın bərpası üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərini əhatə etməklə, sözügedən növ cinayətlərin törədilməsi nəticəsində leqallaşdırılmış əmlakın bərpa edilməsinə töhfə verəcək Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin yaradılmasından bəhs edilib.
Təlimin əsas məqsədi Avropa Şurasının təcrübəli ekspertləri tərəfindən çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi üzrə uğurlu təcrübə və bilik mübadiləsinin aparılması, o cümlədən gələcəkdə daha sıx əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi olub.