CƏMİYYƏT
Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində tələbələr arasında “Hüquq viktorinası” adlı müsabiqə keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Hüquqi biliklərin təbliği, gənc hüquqşünasların təhsilinə, onlarda hüquqşünaslıq ixtisası üzrə ilkin peşə vərdişlərinin formalaşdırılmasına töhfə verilməsi, eləcə də prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlərin davamı olaraq, cari ilin sentyabrın 29-da Baş Prokurorluğun Elm-Tədris Mərkəzində hüquq fakültələrində təhsil alan tələbələr arasında “Hüquq viktorinası” adlı müsabiqə təşkil edilib.
Müsabiqəyə iştirakçılar qismində Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının hüquqşünaslıq ıxtısası üzrə təhsıl alan tələbələri qoşulublar.
Müsabiqənin ilk mərhələsində ali təhsil müəssisələrinin 5 tələbəsindən ibarət komandaları arasında olduqca maraqlı yarışma aparılıb, Konstitusiya, Cinayət və Cinayət-prosessual hüquq fənləri üzrə, habelə dünyagörüşünü müəyyənləşdirən mövzulara aid suallar kollektiv şəkildə məşvərət aparılmaqla cavablandırılıb və komandanı təmsil edən tələbələr tərəfindən səslənilib. Müsabiqənin növbəti mərhələsində isə komandaların kapitanları arasında yarışma davam etdirilib.
Sualların müəllifləri olan mərkəzin ekspert qrupu və müsabiqəni izləməyə gəlmiş digər tələbə və müəllimlər də müsabiqədə aktiv iştirak ediblər.
Cavabların qiymətləndirilməsi isə münsif heyətinin üzvləri kimi mərkəzin rəis müavini Talıb Cəfərov, şöbə rəisi Nigar Qələndərli və müsabiqədə iştirak edən təhsil müəssisələrinin alimləri tərəfindən həyata keçirilib.
Maraqlı və rəqabət şəraitində keçirilmiş müsabiqənin ilk mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yığma komandası, kapitanlar yarışması mərhələsində isə Bakı Dövlət Universitetinin tələbəsi Nərmin Sadıqova və Milli Aviasiya Akademiyasının tələbəsi İsmayıl Qənbərli qalib gəlib.
Tədbir çərçivəsində Bakı Dövlət Universitetinin “Cinayət hüququ və Kriminologiya” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədova tərəfindən Baş Prokurorluğun kitabxanasına hüquq üzrə dərsliklər və nəşrlər ianə edilib.