CƏMİYYƏT


Prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Milli prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümü münasibətilə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsini önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, daha sonra Baş Prokurorluğun yeni inzibati binasında 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.

Kamran Əliyev iki il bundan əvvəl işğal altında olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli Ordumuzun igidliyi ilə düşmən işğalından azad edildiyini diqqətə çatdıraraq Sentyabrın 27-də Anım Günü zamanı Azərbaycan xalqının öz qəhrəman şəhid övladlarına böyük hörmət və ehtiram bəslədiyini bütün dünyaya bir daha nümayiş etdirdiyini vurğulayıb.

Qeyd edilib ki, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilib. Vurğulanıb ki, prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan verib. Xüsusilə qeyd edilib ki, bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.

Baş prokuror çıxışının sonunda əminliklə bildirib ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək.

Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ali xüsusi rütbə verilmiş bir qrup prokurorluq işçisinə rütbələrin təqdim edilməsi, xidməti fəaliyyətdə fərqlənən əməkdaşların mükafatlandırılması, prokurorluq əməkdaşları arasında keçirilmiş şahmat turniri qaliblərinin, “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media qurumları və onların nümayəndələrinin təltif olunması mərasimi keçirilib. Təltif olunmuş media qurumları arasında AZƏRTAC da var.

Sonda milli prokurorluq orqanlarının yaradılmasının 104-cü il dönümünün qeyd edilməsi ilə əlaqədar həyata keçirilmiş silsilə tədbirlərə həsr olunmuş video və prokurorluq əməkdaşlarının gündəlik həyatından bəhs edən “Valideynimin peşəsi” adlı qısametrajlı film izlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.