CƏMİYYƏT


Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

Bakı, 8 iyun, AZƏRTAC 

İyunun 8-də Bakı İdman Sarayında prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin növbəti yazılı imtahan mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam şəffaf və aşkarlıq şəraitində, obyektiv prosedurlar əsasında keçirilməsi məqsədilə bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı 30-a yaxın müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatların nümayəndələri, habelə kütləvi informasiya vasitələrinin təmsilçiləri müşahidə ediblər.

Baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov jurnalistlərə müsahibəsində bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq, prokurorluq orqanlarına müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil yoludur. 2002-ci ildən başlayaraq prokurorluğa işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi onun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb. Ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsi barədə dövlətimizin başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olub.

Həmin ildən müsabiqə yolu ilə işə qəbul edilmiş 780 gənc mütəxəssis hazırda prokurorluğun kadr korpusunun 65 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər.

Yazılı imtahanda 215 namizəd iştirak edib. Bu imtahanın məqsədi namizədlərin qanunları və digər normativ hüquqi aktları düzgün tətbiq etmək sahəsindəki qabiliyyətlərinin müəyyənləşdirilməsidir. Yazılı imtahanda mümkün 50 baldan 30-dan çox bal toplayanlar müsahibə mərhələsinə buraxılacaqlar.

Ümumiyyətlə, müsabiqənin yazılı imtahan mərhələsində iştirak edən 215 namizəd Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Naxçıvan Dövlət Universitetinin və digər ali təhsil müəssisələrinin məzunlarıdır.

İmtahanı müşahidə edən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə diqqətə çatdırıb ki, Baş Prokurorluq tərəfindən Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq elan edilmiş müsabiqənin ikinci mərhələsi olan yazılı imtahan təşkil olunur. Bu gün namizədlər imtahanda öz biliklərini nümayiş etdirirlər. Burada müxtəlif qurumların nümayəndələri imtahanın gedişini izləyirlər. Prokurorluq orqanlarına işə qəbul prosesi aşkarlıq şəraitində, tam şəffaf prosedurlar əsasında və beynəlxalq tələblərə uyğun həyata keçirilir. İnanıram ki, müsabiqə nəticəsində hərtərəfli biliyə, savada, yüksək mənəvi dəyərlərə və dövlətçiliyə sadiq insanlar növbəti mərhələyə keçəcək və bu onların prokurorluq orqanlarına işə qəbul olunması ilə nəticələnəcək. Savadlı kadrların yetişməsi Azərbaycan dövlətinin gələcəyinə xidmət edir və qarşıya qoyulan prioritet məsələlərdəndir.

İmtahanı müşahidə edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib ki, prokurorluq orqanlarına işə qəbul prosesi tam şəffaf, aşkarlıq, ədalətli seçim və demokratik prosedurlar əsasında həyata keçirilir. Sevindirici haldır ki, aparılan islahatlar nəticəsində son vaxtlar prokurorluq orqanlarında çalışan gənclərin və qadınların sayı artmaqdadır. 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə 780 gənc mütəxəssis işə qəbul olunub. Onlar hazırda prokurorluğun kadr korpusunun 65 faizini təşkil edirlər ki, bu da çox böyük göstəricidir. Gənc kadrların müsabiqə yolu ilə işə qəbul olunmasını qeyri-hökumət təşkilatlarının təmsilçiləri kimi müsbət qarşılayırıq. Qeyri-hökumət təşkilatları bu sahədə ictimai nəzarətin və şəffaflığın təmin olunması istiqamətində hüquq mühafizə orqanları ilə gələcəkdə də sıx əməkdaşlıq edəcək.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na müvafiq olaraq yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq. Eyni zamanda, bu barədə məlumatlar Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) yerləşdiriləcək.

Qeyd edək ki, müsabiqə ilə bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.