CƏMİYYƏT
Prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, imtahan kompüterlər vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında saat 10:00 və 15:00 olmaqla 2 növbədə keçirilib.
Koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahanlar başa çatdıqdan dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunub.
Qeyd edək ki, işə qəbul olmaq üçün ərizə təqdim etmiş 406 namizəddən 24 nəfər imtahana gəlməyib. İmtahanda iştirak etmiş 382 namizəddən 181 nəfər müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.