CƏMİYYƏT
Prokurorluq orqanlarının 38 əməkdaşı ali dövlət mükafatları ilə təltif edilib
Bakı, 25 yanvar, AZƏRTAC
2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlər həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində keçirilən geniş kollegiya iclasında deyib.
Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini xüsusi vurğulayan Kamran Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi kollektivin böyük sevincinə səbəb olub.