CƏMİYYƏT


Prokurorluq orqanlarının xarici tərəfdaşları ilə beynəlxalq əməkdaşlığı uğurla davam etdirilir

Azərbaycanın və Özbəkistanın korrupsiyaya qarşı mübarizə üzrə müvafiq qurumları arasında anlaşma memorandumu imzalanıb

 

Bakı, 8 dekabr, AZƏRTAC

Korrupsiyaya qarşı mübarizənin transmilli xüsusiyyətləri və ona qarşı qlobal mübarizənin labüdlüyü nəzərə alınmaqla prokurorluq orqanlarının beynəlxalq təşkilatlarla, habelə xarici ölkələrin bu sahədə ixtisaslaşmış qurumları ilə əməkdaşlığı davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Özbəkistanda keçirilmiş “Korrupsiyaya qarşı mübarizə və şəffaflıq” mövzusunda Beynəlxalq Daşkənd Forumunda Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərliyi ilə Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və həmin idarənin prokuroru Kamil Kamillidən ibarət nümayəndə heyəti iştirak edib.

Müxtəlif beynəlxalq təşkilatların, xarici ölkələrin ixtisaslaşmış qurumlarının, habelə ictimaiyyətin nümayəndələrinin qatıldıqları tədbirdə çıxış edən Nazim Rəcəbov Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsini iştirakçılarla bölüşərək, bu sahədə ölkəmizdə həyata keçirilmiş ardıcıl və sistemli qabaqlayıcı tədbirlər, reallaşdırılmış hüquqi və institusional islahatlar, eləcə də əldə edilmiş digər nailiyyətlər barədə ətraflı məlumat verib.

Həmçinin səfər çərçivəsində Baş İdarə rəisi Nazim Rəcəbov ilə Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev, Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanov və Baş Prokurorluğun Akademiyasının rəhbəri Yevgeni Kolenko arasında keçirilmiş ikitərəfli görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib. Nümayəndə heyətinə bu qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Özbəkistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası arasında formalaşmış səmərəli əməkdaşlığın növbəti təzahürü kimi, iki qurum arasında anlaşma memorandumu imzalanıb.

Səfər zamanı nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət edərək mərkəzin fəaliyyəti ilə yaxından tanış olub. Ümummilli lider Heydər Əliyevin büstü üzərinə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.