ELM VƏ TƏHSİL
Prometan ağıllı lövhədən istifadəyə dair təlimlərə qeydiyyat başlayıb
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 17-dən 21-dək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) və “Təhsildə İnnovativ Texnologiyalar” (İTE) Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Prometan ağıllı lövhədən istifadə” mövzusunda təlimlər keçiriləcək.
TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, təlimlər İnformasiya Kommunikasiya Texnologiyalarını (İKT) təhsildə səmərəli tətbiq etmək istəyən müəllimlər, tələbələr və gələcəkdə müəllim işləmək istəyənlər üçün nəzərdə tutulub.
Nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşması istiqamətində aparılacaq təlimlər həftəiçi və ya həftəsonu saat 10:00-da keçiriləcək. Təlim kursunu uğurla başa vuran müdavimlərə TİPİİ-nin və İTE-nin ixtisasartırma sertifikatları təqdim ediləcək.
Təlimlərdə iştirak etmək istəyənlər qeydiyyat formasını doldurmalıdırlar.