MƏDƏNİYYƏT
Promotur çərçivəsində Elnur Hüseynov daha bir neçə ölkədə olacaq VİDEO
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov may ayında müsabiqənin ikinci yarımfinalında çıxışından qabaq Avropa promoturu çərçivəsində daha bir çox ölkədə olacaq. Elnur artıq Riqada və Budapeştdə olub və orada həm yerli mətbuata müsahibələr verib, həm də müsabiqə həmkarları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, hazırda azərbaycanlı müğənni Amsterdama və Moskvaya yollanır.
Aprelin 20-də Elnur Belçikanın Qent şəhərində olacaq. O, Belçikanın “MENT TV” kanalının efirində klipini təqdim edəcək və müsahibə verəcək. Buradan Yunanıstana gedəcək təmsilçimiz burada “To Proino Mou” səhər şousunda müsahibə verəcək.
Elnur Hüseynov promoturda final nöqtəni aprelin 26-27-də Gürcüstanda qoyacaq.
Qeyd edək ki, təmsilçimiz mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrəli ifaçı kimi səhnədə “Hour of the Wolf” mahnısını təqdim edəcək.