REGİONLAR
Protez-Ortopedik Bərpa Mərkəzi səyyar xidmətini Ağsuda davam etdirib
Ağsu, 22 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşları tibb üzrə fəlsəfə doktoru həkim ortoped protezçi Samirə Şıxəliyevanın rəhbərliyi ilə avqustun 22-də Ağsuya gəlib və mərkəzi xəstəxanada 16 nəfər əlili reabilitasiya vasitələri ilə təmin ediblər.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, əlilliyi olan şəxslər qayğı ilə əhatə olunduqlarından, habelə ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilmələrindən razılıqlarını bildiriblər. Onlar həssas əhali qrupuna göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər. Hazırda Ağsuda məskunlaşan Xocalı sakini, II qrup əlil Əmrah Məmmədov AZƏRTAC-ın bölgə müxbirin deyib: “1990-cı ildə ərzaq gətirərkən Xankəndi yaxınlığında ermənilər tərəfindən hücuma məruz qaldıq. Güllə qarın nahiyəmi deşib keçmişdi. Sağ ayağımı da itirdim. İndi yeriməyə çətinlik çəkirəm. Həmişə diqqətdə olmuşam. Bu gün də mənə əsa və digər reabilitasiya vasitələri verdilər. Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
2018-ci ildə Ağdam bölgəsində komandirini xilas edərkən minaya düşüb sağ ayağını itirən 22 yaşlı Ağsu şəhər sakini Emil Məmmədov da göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdar olduğunu söyləyib.
Səyyar xidmət çərçivəsində rayonda əlilliyi olan şəxslərin müraciətləri əsasında onların müayinələri aparılıb, müvafiq ölçülər götürülüb və yaxın günlərdə reabilitasiya vasitələri ilə təmin ediləcəkləri bildirilib.
Qeyd edək ki, Bərpa Mərkəzi koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində səyyar xidmətlərini davam etdirir. 8 bölgə - Salyan, Neftçala, Kürdəmir, Ucar, Göyçay, Şamaxı, Qobustan və Ağsu rayonları üzrə, ümumilikdə 178 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları 868 reabilitasiya vasitəsi verilib. Həkim ortoped protezçi Samirə Şıxəliyeva müsahibəsində deyib: “Ümumilikdə bu ilin ötən dövründə respublikamızın müxtəlif bölgələri üzrə 850-yə yaxın əlilliyi olan şəxsə səyyar formada xidmətlər göstərilib. Onların ehtiyac duyduqları 2868 reabilitasiya vasitəsi yaşadıqları rayon və şəhərlərə, bir qismi isə evlərinə aparılaraq təqdim olunub”.