SİYASƏT
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib
Bakı, 5 may, AZƏRTAC
Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyicilərinin nəzəri bilik və praktik vərdişlərinin artırılması məqsədilə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən tədris proqramında nəzərdə tutulan əlavə məşğələlərin keçirilməsi davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən növbəti məşğələlərdə qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Türkiyə Respublikasından “Vətən müharibəsində psixoloji sarsıntı keçirmiş qazilər və şəhidlərin ailə üzvləri, eləcə də terrordan zərər görmüş vətəndaşlara psixoterapevtik və reabilitasiya xidmətləri göstərmək” üçün dəvət olunan mütəxəssis-psixoloqlar mühazirələr oxuyub, qabaqcıl dövlətlərin bu sahədə təcrübəsini zabitlərlə bölüşüb, həmçinin dinləyicilərin suallarını cavablandırıb.
Mühazirələrdə əsas diqqət hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi, müharibənin mənfi fəsadları nəticəsində psixoloji problemlər yaşayan hərbçilərin reabilitasiyasının daha səmərəli təşkili məsələlərinə yönəldilib.