CƏMİYYƏT


Psixoterapevt: Narahatlıq, emosionallıq və həyəcanlı vəziyyət nitq axıcılığının pozulmasına səbəb olur

Bakı, 18 noyabr, AZƏRTAC

Daha çox uşaqlarda rast gəlinən kəkələmə halı xəstəlik olmasa da, ciddi problem sayılır. Kəkələyən uşaqlar həmyaşıdları ilə ünsiyyət zamanı müxtəlif sıxıntılar yaşayır, erkən yaşda psixoloji travmalara məruz qalırlar.

AZƏRTAC xəbər verir ki, psixoterapevt Roza Kərimovanın dediyinə görə, övladlarının kəkələdiyini hiss edən valideynlər problemin qarşısını almaq üçün dərhal həkimə müraciət etməlidirlər: “Loqonevroz adlanan həmin problem zamanı nitqdə ritm pozulur, axıcılıq itir. Danışanda istər sözlərin əvvəlində, istər ortasında və istərsə də axırında kəkələmə halı müşayiət olunur. Çox vaxt bunu nitq problemi kimi qəbul edirlər. Narahatlıq, emosionallıq, həyəcan halının artması nitqin axıcılığının pozulmasına səbəb olur”.

Ona görə də kəkələyən uşaqlar nitq axıcılığına diqqət yetirməlidirlər. Müalicə üsulları barədə danışan mütəxəssis deyib: “İlk yeddi-səkkiz seans susmaq rejimi tətbiq edilir, xüsusi nəfəs tapşırıqları verilir, nəfəs burundan alınaraq ağızdan buraxılır. Həmin tapşırıqlar, ilk növbədə, nitqin axıcılığının düzəlməsinə xidmət edir, stresi azaldır. Daha sonra ümumi hecalar üzərində iş gedir, hər hərəkət zamanı - istər ayaq üstə, istər oturaq vəziyyətdə, istər hərəkət edərkən, istər oyun zamanı özünə nəzarət halı diqqətdə saxlanılır. Hətta bəzən “stres-müsahibə” deyilən bir formada, yəni kəkələyən uşağı həyəcanlandıraraq danışdırılır və həmin vəziyyətdə özününəzarət halı izlənilir”.

Uşaqlarda nitq qabiliyyətinin formalaşmasınada həkimlə bərabər valideynlərin də rolu böyükdür. Onlar övladları ilə vaxt keçirən zaman düzgün nəfəs almaq qaydalarını da öyrətməlidirlər. Onlar ev şəraitində uşaqda ağız aparatını izləyir və orda baş verən qıyılma və əzələdə narahatlıq halını müşahidə edir.

Kəkələmə mürəkkəb bir problemdir, müalicəsi uzun müddət davam edir, hətta bəzən tam sağalandan sonra da kəkələmə yenidən qayıda bilər. Ona görə onun müalicəsi valideynlərdən həm böyük səbir və məsuliyyət tələb edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.