DÜNYA
Puerto Rikonun keçmiş qubernatoru Vanda Vaskes seçkilər zamanı korrupsiyada ittiham edilir
Vaşinqton, 5 avqust, AZƏRTAC
ABŞ Ədliyyə Nazirliyi elan edib ki, cümə axşamı Puerto Rikonun keçmiş qubernatoru Vanda Vaskes və daha dörd şəxs 2020-ci ildə bu siyasətçinin seçki kampaniyasını maliyyələşdirmək üçün rüşvətxorluq haqqında iş üzrə həbs ediliblər.
AZƏRTAC xəbər verir ki, ittiham aktında 62 yaşlı Vaskesin və onun cinayət yoldaşları Xulio Errera, Frensis Dias, Mark Rossini və Con Bleykmanın dələduzluq sxemində iştirak etmələri bildirilir.
Baş prokuror Kennet Politin (oğul) bəyanatında deyilir: “Ehtimal edilən rüşvətxorluq sxeminin bir ucu Puerto-Riko hökumətinin ən yüksək səviyyələrinə gedib çıxıb, bizim seçki proseslərinə və idarəetmə institutlarına ictimai etimadsızlıq yaradır. Bəziləri səhvən elə güman edirlər ki, guya qanunun aliliyi bu dünyanın güclüləri üçün bir formada, zəiflər üçün isə başqa formada mövcuddur. Ədliyyə Nazirliyi belə güman edənləri məsuliyyətə cəlb edəcək. Heç kəs qanunun aliliyindən yüksəkdə dura bilməz”.
50 yaşlı Errera San-Xuanda fəaliyyət göstərən beynəlxalq bankın sahibi idi. Onun həmyaşıdı Dias bankın baş direktoru olub. Federal Təhqiqatlar Bürosunun keçmiş agenti, 60 yaşlı Rossini Erreraya məsləhət xidmətləri göstərirmiş, 53 yaşlı Bleykman isə Vaskesin seçki kampaniyasında siyasi məsləhətçi olub. Hakimiyyət orqanları iddia edirlər ki, Errera və Rossini Vanda Vaskesin qubernatorluq kampaniyası üçün 300.000 dollar ianə edəcəklərinə söz veriblər, bu şərtlə ki, o, Puerto-Rikoda maliyyə tənzimləyicisi olan Maliyyə Müəssisələri Komissarı İdarəsinə yeni rəhbər təyin etsin.
AZƏRTAC–ın Vaşinqton bürosu