İQTİSADİYYAT
Pul və maliyyə statistikasının dərinliyi və əhatəliliyi genişləndirilmişdir
Bakı, 17 may (AZƏRTAC). Məlum olduğu kimi 2013-cü ilin yanvar ayından etibarən Azərbaycan bank sistemi üçün yeni Hesablar Planı qüvvəyə minmişdir. Dörd rəqəmli hesablar planı genişlənərək beş rəqəmli formatda təsdiq olunmuşdur. Yeni Hesablar Planının qüvvəyə minməsi uçot sistemini daha da təkmilləşdirməklə yanaşı, maliyyə-statistika göstəricilərinin analitik bazasının genişləndirilməsinə də yeni imkanlar yaratmışdır.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirmişlər ki, qeyd olunanlarla əlaqədar olaraq Statistik Bülletenin cari ilin yanvar-mart ayları üzrə artıq yeni Hesablar Planı əsasında yayımlanması təmin olunmuşdur. Statistik Bülletenin tam qrafikə uyğun yayımlanması üçün zəruri tədbirlər görülmüşdür.
Bütövlükdə, görülmüş işlər bank sistemində hesabatlılığın beynəlxalq standartlara uyğunlaşdırılması, statistikanın dərinliyinin, əhatəliliyinin və şəffaflığının artırılmasına xidmət edir.