MƏDƏNİYYƏT
Puşkinin 220 illiyinə həsr olunmuş konsert və müsabiqənin növbəti mərhələsi keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində dahi rus şairi A.S.Puşkinin 220 illiyinə həsr olunmuş konsert və müsabiqənin növbəti mərhələsi keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir Rusiyanın ölkəmizdəki səfirliyi, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə reallaşıb.
Müsabiqədən əvvəl muzeyin əməkdaşı Zivər Məmmədova iştirakçıları və qonaqları Qara Qarayevin ev-muzeyi ilə tanış edib, görkəmli bəstəkarın yaradıcılığı haqqında ətraflı məlumat verib.
Tədbirdə Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, Azərbaycanda Rus Dilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, “Günay” Uşaq Teatrının rejissoru, Əməkdar mədəniyyət işçisi Larisa Tarusova çıxış edərək müsabiqə barədə öz fikirlərini bildiriblər.
Müsabiqədə Bakı Musiqi Akademiyasının tələbələrinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Bakı və Sumqayıt şəhər məktəblərinin Azərbaycan və rus bölmələrinin şagirdlərinin ifalarında A.S.Puşkin poeziyasından rəngarəng nümunələr, nağıllardan səhnəciklər və musiqi proqramı təqdim olunub.
Müsabiqə iştirakçılarının ifaları tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.