İDMAN
“Pxençan-2018”: Almaniya millisi medalların sayına görə liderliyini davam etdirir
Bakı, 12 fevral, AZƏRTAC
“Pxençan-2018” Qış Olimpiya Oyunlarının dördüncü günündə - fevralın 12-də 7 dəst medal sahibini tapıb. Almaniya millisi öz hesabına daha bir qızıl, bir gümüş və bir bürünc medal yazdıraraq liderliyini davam etdirir.
AZƏRTAC xəbər verir ki, fiqurlu konkisürmə yarışlarında sərbəst proqramın yekununda 118,10 xal toplayan Kanada yarışın qalibi adını qazanıb. Olimpiya bayrağı altında çıxış edən rusiyalı cütlük yarışı ikinci, ABŞ təmsilçiləri isə üçüncü pillədə yekunlaşdırıblar.
Kişilər arasında biatlonun 12,5 kilometr məsafəyə pursuit yarışlarında Fransa təmsilçisi Martin Fourkade marşrutu 32 dəqiqə 51 saniyəyə qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçli Sebastian Samuelsson yarışı ikinci, Almaniya təmsilçisi Benedikt Doll isə üçüncü pillədə başa vurublar.
Biatlonun 10 kilometr məsafəyə pursuit yarışlarında qadınların mübarizəsində Almaniya atleti Laura Dahlmeier 30 dəqiqə 35 saniyə göstərici ilə Olimpiya çempionu olub. Slovakiyalı Anastasiya Kuzmina gümüş, fransalı Anais Beskond isə bürünc medala sahib olublar.
Fristaylın moqul növü üzrə yarışlarında kişilərin mübarizəsində 86,63 xalla Kanada idmançısı Mikael Kinqsbri birinci olub. Avstraliyalı Matt Qraham yarışı ikinci, Yaponiya atleti Daiçi Hara isə üçüncü yerdə tamamlayıblar.
Qadınlar arasında snoubord yarışlarının sloupstayl növündə qalib adına 83 xalla ABŞ təmsilçisi Camie Anderson sahib olub. Kanadalı atlet Laura Blouinm gümüş, finlandiyalı Enni Rukajarvi isə bürünc medal əldə ediblər.
Qadınlar arasında 1500 metr məsafəyə konkisürmə yarışlarında Niderland idmançısı İrin Vüst 1 dəqiqə 54 saniyə nəticə Olimpiya çempionu olub. Yaponiya idmançısı Miho Takaqi ikinci, digər Niderland təmsilçisi Marrit Linstra isə üçüncü olub.
Qadınlar arasında xizəklə tramplindən tullanma yarışlarında norveçli Maren Lundbi qızıl, almaniyalı Katarina Althaus gümüş, Yaponiya təmsilçisi Sara Takanaşi bürünc medala sahib olublar.
Dördüncü günün yekunlarına görə, Almaniya millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Onun hesabında 4 qızıl, 1 gümüş və 2 bürünc medal var. Ümumilikdə 17 ölkədən idmançılar medalçılar arasında yer alıblar.
Niderland (3-2-2) ikinci, Norveç (2-4-3) üçüncü, Kanada (2-4-1) dördüncü, ABŞ (2-1-1) isə beşinci pillədə qərarlaşıb.
“Pxençan-2018” Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edir. Bu, indiyə qədər Qış Olimpiadasında iştirak etmiş ən çox idmançı sayıdır. Oyunlara ən çox idmançı ilə qatılan ölkə Amerika Birləşmiş Ştatlarıdır (242 atlet).
“Pxençan-2018”də yarışlar 13 idman obyektində keçirilir. Onların ümumi tamaşaçı tutumu 135 min nəfərdir. Atletlər 7 idman növündə 102 dəst medal uğrunda yarışırlar. Medalların birinin çəkisi 586 qramdan artıqdır. Bu, Qış Olimpiya Oyunları tarixində çəkisinə görə ən ağır mükafatdır.
Olimpiadada Azərbaycan 1 idmançı ilə təmsil olunur. Patrik Braxner dağ xizək idmanında yarışlara qatılacaq.
XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə də əlamətdar olub. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında iştirak edirlər.