İDMAN


“Pxençan-2018” Qış Olimpiya Oyunlarında 19 ölkənin idmançıları mükafatçılar sırasında yer alıblar

Bakı, 13 fevral, AZƏRTAC

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının beşinci günündə - fevralın 13-də atletlər 9 dəst medal uğrunda mübarizə aparıblar. Almaniya millisi öz hesabına əlavə bir qızıl və bir gümüş medal yazdıraraq liderliyini davam etdirir.

AZƏRTAC xəbər verir ki, dağ xizək yarışlarının slalom növündə 2 dəqiqə 6 saniyə göstərici ilə Avstriya idmançısı Marsel Hirşer Olimpiya çempionu olub. Fransalı xizəkçilər Aleksis Pinturo və Viktor Muffat-Jeandet ilk üçlükdə qərarlaşıblar.

Kerlinq üzrə qarışıq cütlüklərin yarışlarının final oyununda Kanada idmançıları İsveçrəni 10:3 hesabı ilə məğlub edərək Olimpiadanın qızıl medalına sahib olublar. Üçüncü yer uğrunda görüşdə isə Olimpiya bayrağı altında çıxış edən rusiyalı idmançılar Norveçə 8:4 hesabı ilə qalib gələrək bürünc medal qazanıblar.

Qadınlar arasında 500 metr məsafəyə qısa-trek yarışlarında İtaliya idmançısı Arianna Fontana 42 saniyəlik nəticə ilə “Pxençan-2018”in qızıl medalına sahib olub. Niderlandlı Yara Van Kerxof yarışı ikinci, Kanada atleti Kim Boutin isə üçüncü pillədə başa vurublar.

Qadınlar arasında snoubord yarışlarının haf-payp növündə qalib adına 98,25 xalla ABŞ təmsilçisi Çloe Kim sahib olub. Çinli Jiayu Liu gümüş, digər ABŞ idmançısı Arielle Qold isə bürünc medal əldə ediblər.

Qadınların 1500 metr məsafəyə konkisürmə yarışlarında Niderland idmançısı Kyeld Nuis 1 dəqiqə 44 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Patrik Roest isə gümüş medal əldə edib. Koreya Respublikasından olan Kim Min Seok isə yarışı üçüncü pillədə başa vurub.

Kirşəsürmə idman növü üzrə qadınlar arasında fərdi yarışlarda Almaniya təmsilçiləri Natali Qeyzenberger və Dayana Eitberger ilk iki pillədə yer alıblar. Kanadalı Aleks Qof isə üçüncü pillədə qərarlaşıb.

Olimpiadanın beşinci günündə sərbəst xizək yarışlarında iki dəst medal sahibini tapıb. Belə ki, qadınların yarışında isveçli Stina Nilsson birinci, Norveç təmsilçisi Maiken Kaspersen Falla ikinci, Olimpiya bayrağı altında çıxış edən rusiya atlet Yuliya Belarukova isə üçüncü olublar. Kişilərin mübarizəsində isə Norveç xizəkçisi Yohannes Hoesflot Klaebo qızıl medal qazanıb. İtaliyalı Federiko Pelleqrino turnirin gümüş, Rusiya idmançısı Aleksander Bolşunov isə bürünc medalla kifayətlənməli olublar.

Beşinci günün yekunlarına görə, Almaniya millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 5 qızıl, 2 gümüş və 2 bürünc medal var. Ümumilikdə 19 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Niderland (4-4-2) ikinci, Norveç (3-5-3) üçüncü, Kanada (3-4-3) dördüncü, ABŞ (3-1-2) isə beşinci pillədə qərarlaşıb.

“Pxençan-2018” Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edir. Bu, indiyə qədər Qış olimpiadalarında iştirakçıların sayına görə rekord göstəricidir. Oyunlara ən çox idmançı ilə qatılan ölkə Amerika Birləşmiş Ştatlarıdır (242 atlet).

Qış Olimpiadasında yarışlar 13 idman obyektində keçirilir. Onların ümumi tamaşaçı tutumu 135 min nəfərdir. Atletlər 7 idman növündə 102 dəst medal uğrunda yarışırlar. Medalların birinin çəkisi 586 qramdan artıqdır. Bu, Qış Olimpiya Oyunları tarixində çəkisinə görə ən ağır mükafatdır.

Olimpiadada Azərbaycan bir idmançı ilə təmsil olunur. Patrik Braxner dağ xizək idmanında yarışlara qatılacaq.

XXIII Qış Olimpiya Oyunları 6 yeni ölkənin debütü ilə də əlamətdar olub. Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.