REGİONLAR
QƏBƏLƏDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI ARTMIŞDIR
Dövlət tərəfindən aqrar sahənin inkişafına göstərilən diqqət və qayğının ildən-ilə artması nəticəsində ölkəmizin hər yerində o cümlədən Qəbələdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əhəmiyyətli dərəcədə dəyişiklik hiss olunmaqdadır.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2007-ci ildə rayonda kənd təsərrüfatı məhsullarının istehsalında xeyli artım qeydə alınmışdır. Belə ki, 2006-cı illə müqayisədə taxıl istehsalı 425 ton artaraq 36 min 671 tona, tərəvəz 220 ton artaraq 8 min 590 tona, kartof 158 ton artaraq 6 min 623 tona, bostan məhsulları 2 ton artaraq 120 tona, meyvə 588 ton artaraq 11 min 258 tona çatmışdır.
Son zamanlarda Qəbələdə meyvəçilik və tərəvəzçilik məhsullarının istehsalına marağın xeyli artması rayonda emal müəssisələrinin fəaliyyəti ilə əlaqələndirilir. Sahibkarlar məhsullarını münasib qiymətlərə həmin müəssisələrə satırlar.
Fermerlər Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında da fəal iştirak edirlər. İndiyədək həmin yarmarkalara Qəbələdən 38 ton alma, 7 ton armud, 25 ton fındıq, 17 ton qoz, 1 ton xurma, 10 ton şabalıd, 0,5 ton mal əti, 50 kiloqram bal, 1500 litr meyvə şirəsi və s. göndərilmişdir.