MƏDƏNİYYƏT
QƏBƏLƏDƏ TURİZM OBYEKTLƏRİNİN VƏ TURİSTLƏRİN SAYI ARTMIŞ, XİDMƏTLƏRƏ GÖRƏ QİYMƏTLƏR ENDİRİLMİŞDİR
Qəbələ, 6 iyun (AZƏRTAC). Qəbələdə turizmin inkişafı üçün mövcud olan potensial imkanlardan yerli iş adamları səmərəli istifadə edirlər. Hər il rayonda müasir standartlara uyğun bir neçə yeni turizm obyekti fəaliyyətə başlayır.
Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, ötən 6 ildə Qəbələdə müasir turizm obyektlərinin sayı 4 dəfə artaraq 16-ya çatmışdır. Bunun nəticəcində 800-ə yaxın daimi iş yeri açılmışdır. Təkcə son bir ildə rayonda 6 yeni turizm obyektinin açılışı olmuşdur.
Yeni istifadəyə verilən "Semerena" istirahət mərkəzi, “Qafqaz park” gənclik istirahət-turizm mərkəzi, “Fitnes” sağlamlıq mərkəzi, "Yengicə istisu” sanatoriyası, “Sahil”, "Karvan" və "Qafqaz Resort" otelləri turistlərə yüksək xidmətlər göstərir. Bu obyektlər gün ərzində ümumilikdə 800-ə yaxın turistə müasir standartlara uyğun restoran, otelçilik və müalicə xidmətləri göstərmək imkanına malikdir.
Yeni turizm mövsümünün başlanması münasibətilə istirahət mərkəzlərində xidmətlərə görə qiymətlər ötən illə müqayisədə xeyli ucuzlaşdırılmışdır. İstirahət mərkəzlərində qonaqlara müasir otel xidmətləri ilə yanaşı, Azərbaycan və Avropa mətbəxlərinin ləzzətli yeməkləri təklif olunur. Rayonun istirahət mərkəzləri ötən illə müqayisədə builki turizm mövsümündə otel xidmətlərinə bir otaq üçün 30-40 manatadək, restoran xidmətlərinə 20-25 faizədək endirim etmişlər. Üçotaqlı kottecin bir günlük kirayə haqqı ötən il 100 manat olmuşdursa, bu il 80 manat təşkil edir. İstirahət mərkəzlərinin bir neçəsi qonaqlara meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir.
Son illər rayona gələn turistlərin sayı da durmadan artmaqdadır. Qəbələyə 2008-ci ildə 14 min 630 nəfər, 2009-cu ildə isə 29 min 837 turist gəlmişdir.