REGİONLAR
QƏBƏLƏNİN NİC KƏNDİNDƏ DÖVLƏT BAYTARLIQ XİDMƏTİNİN MÜTƏXƏSSİSLƏRİNDƏN İBARƏT EPİZOOTİK QRUP İŞLƏYİR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Qəbələ rayonunun Nic kəndində saxlanılan donuzlarda “Afrika taunu” xəstəliyi aşkar edilmişdir.
AZƏRTAC-ın müxbiri yanvarın 30-da kənddə olmuşdur. Burada Dövlət Baytarlıq Xidmətinin xüsusi təhlükəli xəstəliklər bölməsinin müdiri Kliment Əsədovun başçılığı ilə briqada-epizootik qrup işləyir. Qrup sutka ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Kliment Əsədov demişdir ki, kənd sakinləri donuzlar arasında xəstələnmə və tələfolma hallarına hələ yanvarın 12-də diqqət yetirmiş, baytar həkimə müraciət etmişlər. Rayon baytarlıq idarəsi mütəxəssislərinin apardığı müalicə səmərə vermədiyi üçün yanvarın 26-da donuzlardan patoloji və qan nümunələri götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Yanvarın 28-də müayinə başa çatmış və məlum olmuşdur ki, nümunələrdə “Afrika taunu” xəstəliyinin virusları vardır.
Dövlət Baytarlıq Xidməti həmin gündən Nic kəndində karantin elan etmişdir. Kəndin əlavə giriş-çıxış yolları bağlanmış, əsas yolda buraxılış məntəqəsi yaradılmış, müvafiq orqanların köməyi ilə nəzarət gücləndirilmişdir. Kənddə heyvan kəsimi dayandırılmış, buradan ət və ət məhsullarının çıxarılmasına qadağa qoyulmuşdur. Yaşayış məntəqəsindən çıxan maşınların şinləri xüsusi preparatla dezinfeksiya edilir.
Yanvarın 30-dək Nicdə 48 donuz tələf olmuşdur. Bu donuzların saxlandığı həyətlərdə baytarlıq-profilaktika işləri aparılmışdır. Cəsədlər xüsusi maddələrin köməyi ilə yandırılaraq basdırılmışdır.